XƏBƏRLƏR Arxiv 119 Çap et
27.09.2024 / Mühüm hadisələr 27 sentyabr - Anım Günü

     AR ETN Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları Anım Günü ilə əlaqədar 2-ci Fəxri Xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, qəbirləri üstünə gül-çiçək dəstələri qoydular. Daha sonra institutda 27 sentyabr - Anım Günü ilə bağlı tədbir keçirildi. Tədbiri İnstitutun baş direktoru, b.e.d., professor Ulduz Həşimova açaraq bildirdi ki, bu şərəfli tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncamına əsasən qeyd edilir. Ermənistan Respublikasının sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayaraq, 44 günlük müharibə nəticəsində işğal altında olan torpaqlarımızı qəhrəman şəhidlərimizin, qazilərimizin qanı və canı bahasına azad etmişdir.

     Sonra İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

     Çıxışını davam etdirən professor Ulduz Həşimova institutun əməkdaşları arasında da Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçılarının, İkinci Qarabağ müharibəsində qazi olan əməkdaşın olduğunu xüsusi qeyd etdi.

     Tədbirdə b.e.d., professor Fəxrəddin Əskərov, b.ü.f.d, dosent Afiq Qaziyev, b.ü.f.d. Xuraman Miryusifova, b.ü.f.d. Gülnar Cəfərova və başqaları çıxış edərək şəhidlərimizin müqəddəs xatirəsini qürur və dərin ehtiramla yad etdilər.