XƏBƏRLƏR Arxiv 136 Çap et
06.11.2024 / Görüşlər Fiziologiya İnstitutu Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birgə layihələr həyata keçirəcək

Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndələri ilə birgə distant formatda işgüzar görüş keçiriblər.

İlk olaraq Fiziologiya İnstitutunun direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşimova iştirakçıları salamlayaraq açılış nitqi ilə çıxış edib. Alim nitqində adıçəkilən qurumların elmi-texniki əməkdaşlığı və radiasiya fiziologiyası, biokimyəvi fizika, biofiziki sistemlərin riyazi modelləşdirilməsi, radiobiologiya kimi fundamental elmlərin aktual problemləri üzrə birgə tədqiqatların aparılması təşəbbüsünü irəli sürüb. O cümlədən, naftalan neftinin fiziki-kimyəvi və bioloji xassələrinin birgə fundamental tədqiqatlarının aparılması məsələləri müzakirə olunub.

İclasda BNTİ əməkdaşları Fiziologiya İnstitutunun Fizioloji fəal maddələrin farmakologiyası laboratoriyasının fəaliyyəti ilə tanış olublar. Burada xüsusilə rentgen şüalanması zamanı bitkilərdən alınmış  bioloji aktiv maddələrdən istifadənin effektivliyini nümayiş etdirən tədqiqatlar diqqəti cəlb edib. BNTİ-nin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, N.M.Frank adına Neytron Fizikası Laboratoriyasının neytron aktivləşdirilməsinin təhlili və tətbiqi tədqiqatlar sektorunun aparıcı elmi işçisi Otilia-Ana Kulikov, həmçinin Radiasiya Biologiyası Laboratoriyasının direktoru, fizika-riyaziyyat elmləri doktoru Buqay Aleksandr Nikolayeviç, N.M.Frank adına Neytron Fizikası laboratoriyasının direktor müavinləri fizika elmləri doktoru Kuçerka Norbert və fizika-riyaziyyat elmləri doktoru Kulikov Sergey Aleksandroviç öz növbələrində əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, Fiziologiya İnstitutu ilə BNTİ arasında birgə layihələrin həyata keçirilməsinə dair razılıq əldə olunub.