XƏBƏRLƏR Arxiv 91 Çap et
28.11.2024 / Konfranslar, iclaslar Fiziologiya İnstitutu ilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun rəhbərliyi ölkəmizdə səfərdə olan Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüşüb. Tədbirdə Fiziologiya İnstitutunun baş direktoru professor Ulduz Həşimova, BNTİ-nin direktoru akademik Qriqori Trubnikov, BNTİ-nin əməkdaşları A.Buqay, N.Kuçerka, O.Belov, Y.Severyuxin, T.Muruqova, M.Zarubin, həmçinin Fiziologiya İnstitutunun əməkdaşları iştirak ediblər.

Görüşdə Fiziologiya İnstitutu və BNTİ arasında əməkdaşlıq əlaqələri müzakirə olunub. Hər iki müəssisədə müvafiq istiqamətlər üzrə həyata keçirilən elmi tədqiqatlar haqqında ətraflı məlumat verilib.

Professor Ulduz Həşimova öz növbəsində BNTİ-nin Azərbaycanın elmi müəssisələri ilə fəal əməkdaşlığını yüksək dəyərləndirib. O, bu görüşün iki müəssisə arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. U.Həşimova iki ölkənin alimlərinin birgə fəaliyyəti nəticəsində mühüm elmi nəticələrin əldə olunacağına inamını da ifadə edib.

Tədbirdə, həmçinin həyat elmləri sahəsində birgə fundamental və tətbiqi tədqiqatların aparılması, xüsusilə təbii mənşəli dərman amillərinin tibb praktikasında istifadəsinin molekulyar əsaslarının işlənib hazırlanması üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.