“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Müasir dövrdə fiziologiya və sağlamlıq: tədqiqat prioritetləri və perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Naxçıvan Dövlət Universiteti, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, Azərbaycan Fizioloqlar Cəmiyyəti və Azərbaycan Herontoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Bakıda və Naxçıvanda təşkil olunub.
Konfransa dekabrın 19-da Bakıda açılış mərasimi ilə start verilib.
İlk olaraq konfrans iştirakçıları Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələrini yad edib, məzarları üstünə tər güllər düzülüb.
Daha sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanasında konfransın açılış mərasimi başlayıb. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, Fiziologiya İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşimova, Naxçıvan Dövlət Universitetinin rektoru tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev, Qazaxıstan parlamentinin deputatı, Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kurortologiya və Tibbi Reabilitasiya İnstitutunun direktoru, Qazaxıstan Respublikasının Milli Kurort Assosiasiyasının Prezidenti, professor Sayagul Kairgeldina, Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kurortologiya və Tibbi Reabilitasiya İnstitutu təşkilati-metodiki işlər üzrə direktor müavini Kanat Tekebayev, Sankt-Peterburq Dövlət Universiteti, Koqnitiv Tədqiqatlar İnstitutunun professoru, biologiya elmləri doktoru İrina Şoşina, Rusiya Elmlər Akademiyasının İ.P.Pavlov adına Fiziologiya İnstitutunun elmi işçisi Yevgeniy Şelepin, Azərbaycanın müxtəlif qurumlarından olan mütəxəssislər və xarici qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə akademik İsa Həbibbəyli açıb. Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli Sərəncamını xatırladan akademik beynəlxalq konfransın da bu sənədə əsasən keçirildiyini diqqətə çatdırıb. İ.Həbibbəyli yekunda mühüm nəticələr əldə olunacağına inamını ifadə edib və konfransın işinə uğurlar arzulayıb.
Daha sonra akademik Arif Həşimov və professor Ulduz Həşimova çıxış edərək konfrans iştirakçılarını salamlayıblar və onlara uğurlar arzulayıblar.
Tədbirin növbəti günündə plenar iclaslar baş tutub. Bu iclaslarda yerli və xarici iştirakçılar müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Konfransa dekabrın 21-də Naxçıvanda yekun vurulub. İştirakçılar bağlanış mərasimindən öncə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində yerləşən abidəsinin önünə gül dəstələri düzüb və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Naxçıvan Dövlət Universitetinin kampusu ilə tanışlıq turundan sonra isə bağlanış mərasimi başlayıb. Tədbirdə AMEA-nın akademik-katibi akademik Arif Həşimov, Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova, professor Sayagul Kairgeldina, Naxçıvan Dövlət Universitetinin rektoru tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev, yerli və xarici mütəxəssislər iştirak ediblər.
Tədbirdə akademik Arif Həşimov, professor Ulduz Həşimova, rektor Elbrus İsayev, professor Sayagul Kairgeldina, Naxçıvan Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elsevər Əsədov çıxış ediblər. Natiqlər müasir elmi araşdırmaların praktiki əhəmiyyəti, beynəlxalq əməkdaşlıq imkanları və tədbirin nəticələrinin gələcək tədqiqatlara töhfələri barədə fikirlərini bölüşüblər.
Sonda Naxçıvan Dövlət Universiteti ilə Fiziologiya İnstitutu və Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kurortologiya və Tibbi Reabilitasiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda akademik və tədqiqat heyətinin qarşılıqlı mübadiləsi, elmi tədqiqatların Fizika İnstitutu ilə birgə aparılması, universitet bazasında müasir laboratoriyanın yaradılması və avadanlıqlarla təchiz olunması nəzərdə tutulub. Eyni zamanda, universitet ilə Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kurortologiya və Tibbi Reabilitasiya İnstitutu arasında imzalanmış memorandumda beynəlxalq əməkdaşlığın inkişafı, kurort-sanatoriya sektorunda innovativ üsulların tətbiqi, birgə elmi forumların təşkili və tədqiqat fəaliyyətlərinin genişləndirilməsi məsələləri yer alıb.
Konfrans çərçivəsində Naxçıvan Dövlət Universitetində Fiziologiya İnstitutu ilə bu ali məktəbin birgə tərəfdaşlığı ilə yaradılan “Akademik Zərifə Əliyeva adına Biotibbi Araşdırmalar Mərkəzi”nin açılış mərasimi də keçirilib.
Həmçinin konfrans iştirakçıları üçün Naxçıvanda yerləşən Duzdağ Fizioterapiya Mərkəzinə ekskursiya təşkil olunub. Xarici qonaqlara mərkəz haqqında ətraflı məlumat verilib. Bildirilib ki, burada allergik xəstəliklərdən, xüsusilə bronxial-astmadan əziyyət çəkənlər müalicə alırlar. Mərkəzdə tənəffüs orqanları xəstəliklərini uğurla sağaltmaq mümkündür.