16 yanvar 2025-ci il tarixində Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə institutun baş direktoru b.e.d., professor Ulduz Həşimova açıb.
Bir dəqiqəlik sükutla davam edən tədbiri icraçı direktor, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev “Azərbaycan azadlığı uğrunda mübarizə tarixinə qəhramanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvar hadisəsindən 35 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir” sözləri ilə davam etdirib. Qeyd edildi ki, qanlı 20 yanvar günü şanlı Qarabağ Qələbəsinə gedən yolun başlanğıcı idi.
Sonra "Mühit amilləri və analizatorların formalaşması" laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev: “1990-cı ilin qanlı günlərində Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq bu dəyər uğrunda canından keçməyə hazır minlərlə övladının olduğunu bütün dünyaya nümayiş etdirib” fikirləri ilə tədbirdə çıxış etdi.
Sonda “Görmənin və neyrodegenerativ proseslərin fiziologiyası” laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Xuraman Miryusifova, “Gənc Alim və mütəxəssislər” şurasının sədri Afaq Nurullayeva 20 Yanvar faciəsində baş verən bu hadisələrin xalqımızın müstəqilliyinin bərpası naminə mübarizə aparmaq əzmində olmasını bir daha nümayiş etdirdiyindən söz açıblar: “Biz bu yolda canlarını qurban vermiş şəhidlərimizi hüzn və qürurla anırıq. Onlar müasir Azərbaycanın müstəqilliyi yolunda canlarını qurban verərək gələcək nəsillərə qəhrəmanlıq, vətənpərvərlik nümunəsi oldular.”