XƏBƏRLƏR Arxiv 88 Çap et
14.03.2025 / Mühüm hadisələr Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru Ulduz Həşimova Səhiyyə Nazirliyində keçirilən tədbirdə iştirak edib

14 mart 2025-ci il tarixində AR Səhiyyə Nazirliyində Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2024-cü il 28 sentyabr tarixli 308 nömrəli Sərəncamının icrası ilə bağlı işçi qrupun  iclası baş tutub. Naftalan neftinin və ondan hazırlanan məhsulların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi, tibbi-bioloji araşdırmalar aparılmasına və tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair layihənin müzakirəsinə həsr olunmuş tədbirdə nazirliyin səlahiyyətli əməkdaşları ilə yanaşı elmi-tədqiqat müəssisələrinin nümayəndələri də iştirak etmişlər. Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, b.e.d., professor Ulduz Həşimova iclasda çıxış edərək naftalan neftinin fizioloji təsirinin öyrənilməsi ilə bağlı tarixi aspektləri, Fiziologiya İnstitutunda bugün həyata keçirilən və perspektivdə planlaşdırılan innovativ tədqiqatlar haqqında məlumatları diqqətə çatdırmış, təqdim olunan layihənin respublikada sağlamlıq turizminin inkişafı üçün əhəmiyyətini xüsusi vurğulamışdır. Digər iştirakçıların çıxışları və geniş müzakirələrdən sonra layihənin müvəffəqiyyətlə həyata keçirilməsi üçün növbəti addımlar haqqında qərar qəbul olunmuşdur.