XƏBƏRLƏR Arxiv 119 Çap et
10.04.2025 / Konfranslar, iclaslar Pavlov Beynəlxalq Resurs Mərkəzi ilə Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu əməkdaşlarının görüşü keçirilib

   10 aprel 2025-ci il tarixdə Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Sağlamlığın Qorunmasında İnnovativ Biotibb və Təhsil Texnologiyaları üzrə Pavlov Beynəlxalq Resurs Mərkəzinin (PBRM, Sankt-Peterburq) nümayəndələri arasında onlayn formatda görüş keçirilib.

   Görüşdə Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu tərəfindən baş direktor professor Ulduz Həşimova, professor Əli Allahverdiyev, b.e.d. Xədicə İsmayılova, b.ü.f.d. Yeganə Bayramova, b.ü.f.d. Aliyə Qaysina, b.ü.f.d. Xatirə Səfixanova iştirak ediblər. PBRM-i mərkəzin Rusiya bölməsinin rəhbəri, İ.P.Pavlov adına Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini b.e.d., professor Yelena Rıbnikova, Görmənin fiziologiyası laboratoriyasının müdiri professor Yuri Şelepin, mərkəzin Strateji tərəfdaşlıq şöbəsinin müdiri Mariya Fazulyanova, Nitqin psixofiziologiyası laboratoriyasının müdiri b.e.n. Yelena Oqorodnikova təmsil ediblər.

   PBRM-in təşəbbüsü ilə baş tutan görüşün məqsədi professor Yelena Rıbnikova tərəfindən təqdim olunan “Autizm spektri pozuntusu (ASP) əlamətlərinin modelləşdirilməsi, biotibbi və neyrotexnologiyaların tətbiqi ilə onların korreksiyasına yanaşmaların işlənməsi” mövzusunda Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu ilə birgə layihənin müzakirəsi olmuşdur. Layihə ASP-nin neyrofizioloji mexanizmlərinin klinikaya qədər eksperimental modelləşdirilməsindən kliniki sınaqlara və işlənib hazırlanmış yanaşmanın tətbiqinə qədər bütün tədqiqat dövrünü əhatə edən çox mərhələli bir proqramın hazırlanmasına istiqamətləndirilmişdir.

   İşçi qrupun yaradılması, elmi-metodiki bazanın hazırlanması, milli və beynəlxalq səviyyələrdə potensial tərəfdaşların cəlb edilməsi kimi məsələlər tədbirdə müzakirə olunub.