XƏBƏRLƏR Arxiv 207 Çap et
15.04.2025 / Mühüm hadisələr Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun rəhbərliyi və aparıcı alimləri Fəxri Xiyabanda Zərifə Əliyevanın məzarını ziyarət ediblər

  Bu gün akademik Zərifə Əliyevanın anım günüdür. Aprelin 15-də görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür. Azərbaycan qadınlarına məxsus ləyaqətli, şərəfli bir ömür yaşamış Zərifə xanımın nurlu xatirəsi hər il xalqımız tərəfindən dərin hörmətlə anılır.

  Azərbaycanda tibb elminin inkişafında böyük rolu olmuş görkəmli oftalmoloq-alim, Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əhəmiyyətli bir hissəsi, xüsusilə  görmənin fiziologiyası və peşə patologiyası sahəsində əldə etdiyi nailiyyətlər Akademik Abdulla Qarayev adına Fiziologiya institutu ilə, onun burada yaratdığı və rəhbərlik etdiyi laboratoriya ilə bağlı olmuşdur. Bu laboratoriyanın yaradılması Fiziologiya İnstitutunun elmi fəaliyyətində biotibb yönümlü yeni bir səhifə açmışdı. Dünyada görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış laboratoriyanın Azərbaycanda yaradılması təşəbbüsü məhz Zərifə xanım tərəfindən irəli sürülmüşdü və onun yüksək təşkilatçılıq bacarığı sayəsində gerçəkləşdirilmişdi. Zərifə Əliyevanın təklif etdiyi gözün peşə xəstəliklərinin müalicəsinin yeni metodları oftalmologiya elminə mühüm töhfə kimi qiymətləndirildi. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində aparılan elmi araşdırmalara görə akademik Zərifə Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görüldü.

  Zərifə xanım Əliyeva cəmi 61 il yaşayıb. Ömür vəfa etsəydi, istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görərdi. Bugün Fiziologiya İnstitutunda uzaqgörən alimin ideyalarının gerçəkləşdirilməsi istiqamətində innovativ tədqiqatlar aparılır, görmənin və neyrodegenerativ proseslərin fiziologiyası sahəsi inkişaf etdirilir. Keçən ilin sonunda Naxçıvan Dövlət Universitetində Fiziologiya İnstitutu ilə bu ali məktəbin birgə tərəfdaşlığı ilə yaradılan “Akademik Zərifə Əliyeva adına Biotibbi Araşdırmalar Mərkəzi”nin fəaliyyətə başlaması Zərifə xanımın xatirəsinə layiqli bir töhfə olacaq.

  Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində yaşayacaqdır.

  Fiziologiya İnstitutunun əməkdaşları da böyük alim, gözəl insan Zərifə Əliyevanın əbədi xatirəsini yad etməyi unutmur.

Allah rəhmət eləsin!