21–23 aprel 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində görkəmli alim-oftalmoloq akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci il dönümünə həsr olunmuş regional elmi konfrans keçirilmişdir. Naxçıvan Dövlət Universiteti rəhbərliyinin təşəbbüsü ilə baş tutan bu mötəbər tədbir elmi ictimaiyyətin nümayəndələrini bir araya gətirərək tibb və biologiya sahələrində aktual mövzular ətrafında geniş fikir mübadiləsinə imkan yaratmışdır. Konfransın açılış mərasimində Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşimova Zərifə xanım Əliyevanın elmi fəaliyyəti, onun oftalmologiya sahəsinə verdiyi töhfələr haqqında məruzə ilə çıxış etmişdir. Dünya şöhrətli alimin görmənin fiziologiyası və peşə patologiyaları üzrə orijinal tədqiqatlarının onun təşəbbüsü ilə Fiziologiya İnstitutunda yaradılmış və rəhbərlik etdiyi laboratoriya ilə bağlılığı diqqətə çatdırıldı.
Tədbirdə Naxçıvan Dövlət Universitetində Fiziologiya İnstitutu ilə tərəfdaşlıqda yaradılmış Akademik Zərifə Əliyeva adına Biotibbi Araşdırmalar Mərkəzinin fəaliyyətinə həsr olunmuş təqdimatlar yer almışdır. Fiziologiya İnstitutunun əməkdaşları bir sıra elmi və təşkilati görüşlərdə iştirak etmişlər. Mərkəzin infrastrukturun gücləndirilməsi, avadanlıqlarla təchizat və texniki təminat məsələləri müəssisə rəhbərlikləri tərəfindən müzakirə olunmuşdur.
Professor Ulduz Həşimovanın Naxçıvan Dövlət Universitetinin Tibb fakultəsinin tələbələri ilə keçirdiyi ustad dərsi gənc auditoriyanın böyük marağına səbəb olmuşdur. Nümayəndə heyətinin tərkibində səfərdə olan İnstitutun gənc alimləri Tibb fakultəsinin rəhbərliyi ilə görüşdə birgə vebinarların təşkili və digər təşəbbüslərlə bağlı fikir mübadiləsi aparmışlar.
Fiziologiya İnstitutunun əməkdaşları Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzini ziyarət etmiş, mərkəzin laboratoriyaları və təchizatları ilə tanış olmuşlar. Mərkəzin rəhbərliyi ilə tibbi və elmi-tədqiqat sahələrində mümkün əməkdaşlıq istiqamətləri üzrə ətraflı müzakirələr aparılmışdır