XƏBƏRLƏR Arxiv 51 Çap et
02.05.2025 / Görüşlər Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun alimləri ilə işgüzar görüş keçirilib

1 may 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Azərbaycanda işgüzar səfərdə olan  Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ, Dubna, Rusiya Federasiyası) nümayəndələri arasında görüş keçirilib. BNTİ-nin Nüvə problemləri laboratoriyasının direktoru, fizika-riyaziyyat elmləri doktoru Yevgeni Yakuşev, Radiasiya biologiyası laboratoriyasının direktoru, fizika-riyaziyyat elmləri doktoru Aleksandr Bugay və Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimovanın iştirak etdikləri tədbirdə institutlar arasında fənlərarası elmi əməkdaşlığın əsas istiqamətləri və perspektivləri, o cümlədən Naftalan nefti də daxil olmaqla təbii amillərin tibbi praktikada tətbiqinin molekulyar əsaslarının öyrənilməsi üzrə birgə tədqiqatlar müzakirə olunub. Müzakirələrdə təbii amillərin orqanizmin tənzimləmə sistemlərinə təsirinin kompleks araşdırılması üçün biofizika, radiasiya biologiyası və fiziologiyanın müasir metodlarının inteqrasiyası imkanlarına xüsusi diqqət yetirilmişdir. Tərəflər fiziologiya, radiasiya biologiyası və nüvə fizikasının potensialını birləşdirərək sağlamlığın qorunmasında, terapiyada təbii resurslara əsaslanan innovativ yanaşmaları inkişaf etdirmək üçün birgə tədqiqat layihələrinin həyata keçirilməsinə hazır olduqlarını təsdiqlədilər. Görüşdə Fiziologiya İnstitutu ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıqda yaradılmış Gənc Alimlər Birliyinin fəaliyyətinə dəstək məqsədi ilə BNTİ alimləri tərəfindən ustad dərslərinin keçirilməsinin təşkili  məsələsi də müzakirə olunub.