XƏBƏRLƏR Arxiv 141 Çap et
15.05.2025 / Konfranslar, iclaslar Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda elmlər doktorluğu dissertasiya işinin müdafiəsi keçirilib

   AR ETN akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BED1.08 Birdəfəlik dissertasiya şurasında Gəncə Dövlət Universiteti PHŞ-in Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Tükəzban Vaqif qızı Rüstəmovanın 2411.01 – “İnsan və heyvan fiziologiyası” ixtisasında biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün “Sinir sisteminin tipoloji xüsusiyyətlərindən asılı olaraq gənclərdə həyəcanlılıq durumunun neyrofizioloji və psixofizioloji mexanizmləri” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya işinin elmi məsləhətçiləri b.e.d., dosent Xədicə İsmayılova və t.e.d., professor Əhməd Kazımovdur. Tükəzban Rüstəmova dissertasiya işinin aktuallığı, məqsədi, əsas müddəaları və aldığı nəticələr barədə ətraflı məlumat verib. İddiaçı qeyd edib ki, dissertasiya işinin əsas məqsədi ali sinir fəaliyyətinin temperament tiplərindən asılı olaraq tələbələrdə imtahan prosesində yaranmış emosional gərginliyin səviyyəsi ilə beynin bioelektrik fəallığı və avtonom göstəricilər arasındakı qarşılıqlı əlaqədəki dəyişikliklərin yaş xüsusiyyətlərini aşkar etmək olmuşdur. Tədqiqatın nəticələrindən tədris fəaliyyətinin optimallaşdırılmasında, imtahan stresinin korreksiyasında və tələbələrin sağlamlığının qorunmasında istifadə edilə bilər.

   Dissertasiya ətrafında geniş müzakirələr aparılıb. İddiaçı opponentlərin və iclas iştirakçılarının suallarını cavablandırıb, irad və təkliflərə öz münasibətini bildirib. İclasın sonunda iddiaçıya elmi dərəcə verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunub.