XƏBƏRLƏR Arxiv 54 Çap et
31.07.2025 / Mühüm hadisələr Fiziologiya İnstitutunun kollektivinin ağır itkisi

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına
Fiziologiya İnstitutunun kollektivinə ağır itki üz verib. Elmi innnovasiya 
şöbəsinin müdiri, institutun həmkarlar təşkilatının sədri, biologiya üzrə fəlsəfə dokoru,
dosent Qurbanova Gilas Alı qızı vaxtsız dünyasını dəyişmişdir.
   Gilas Qurbanova 1956-cı ildə Beyləqan rayonunun Şahsevən kəndində anadan olub.
1974-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsinə
daxil olaraq ali təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Hələ tələbə ikən biologiya
elminə marağı onu 1978-ci ildə Azərbaycan Elmlər Akademiyasının A.İ.Qarayev adına
Fiziologiya İnstitutuna, Mərkəzi sinir sisteminin müqayisəli və yaş neyrokimyası
laboratoriyasına gətirmiş, burada o, laborant, baş laborant, kiçik elmi işçi vəzifələrində
elmi fəaliyyətinə başlamışdır. 1990-cı ildə “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə
AMEA-nın müxbir üzvü, professor Telman Ağayevin rəhbərliyi altında yerinə yetirdiyi
dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri namizədi alimlik
dərəcəsi almışdır. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali
Attestasiya Komissiyası onun elmi tədqiqat, nəşriyyat fəaliyyətində uğurlarını nəzərə
alaraq baş elmi işçi elmi adına layiq görmüşdür.
   Gilas Qurbanova uzun müddət İnstitutun Elmi-texniki informasiya, tətbiqi və patent-
lisenziya işləri şöbəsinə rəhbərlik etmiş, son illərdə Elmi innovasiya 
şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Onun fəaliyyəti institut rəhbərliyi tərəfindən
həmişə yüksək qiymətləndirilmişdir, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin fəxri
fərmanları ilə təltif olunmuşdur.
   İnstitutun ictimai həyatında Gilas xanımın əvəzedilməz rolu olmuşdir. O Həmkarlar
təşkilatının sədri kimi daim institut əməkdaşlarının yanında olmuş, onların qarşılaşdıqları
istər şəxsi, istərsə də korporativ çətinliklərin həllində köməkliyini heç vaxt
əsirgəməmişdir.
   Bioloq-alim, səmimi insan, mərd Azərbaycan xanımı Gilas Qurbanovanın işıqlı xatirəsi
onu tanıyanların qəlbində əbədi yaşayacaq.

 

Allah rəhmət eləsin!