XƏBƏRLƏR Arxiv 289 Çap et
12.08.2025 / Mühüm hadisələr AR ETN Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun kollektivinə ağır itki üz vermişdir

   Respublikada tanınmış fizioloq-alim, biologiya elmləri doktoru, professor, “Hüceyrənin morfofunksional plastikliyi” laboratoriyasının müdiri Fəxrəddin Bəhmən oğlu Əskərov dünyasını dəyişmişdir.

   Fəxrəddin Əskərov 30 iyun 1937-ci ildə Gəncə şəhərində anadan olub. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnsititutunun  baytarlıq  fakültəsini “Baytar  həkimi” ixtisası üzrə bitirib. 1959-1961-ci illərdə Göyçay rayonunun “Bolqarıstan” kolxozunda Qızıl-Ağac baytarlıq məntəqəsində baytar həkimi işləyib. 1961-1962-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda əvvəl baş laborant, sonra isə kiçik elmi işçi vəzifələrində işləyib. Bu dövrdə gənc tədqiqatçı tərəfindən Respublikada iribuynuzlu heyvanlarda paratuberkulyoz xəstəliyinin inkişafına gətirən bakteriyaların kulturasının alınması kimi təsərrüfat əhəmiyyətli nəticə əldə edilmişdir. Fəxrəddin Əskərov 1962-1965-ci illərdə Azərbaycan Elmlər  Akademiyasının  “Fiziologiya”  ixtisası üzrə əyani aspirantı olub və 1966-cı ildə Elmlər  Akademiyasının  birləşmiş elmi  şurasında «Qoyunlarda bəzi fizioloji aktiv maddələrin qəbulu zamanı zülal mübadiləsi göstəriciləri” mövzusunda rus dilində hazırlanmış namizədlik dissertasiyasını  müvəffəqiyyətlə müdafiə etmiş, biologiya  elmləri namizədi alimlik dərəcəsi almışdır. 

   1971-1973 cü illərdə Fiziologiya İnstitutunun direktoru akademik Hüseyn Həsənovun tapşırığı ilə gənc alim SSRİ Elmlər Akademiyasının, SSRİ Tibb Elmləri Akademiyasının bir sıra elmi  tədqiqat institutlarına ezam olunmuş, o dövr üçün qabaqcıl morfositokimyəvi üsulların mənimsənilməsi və onların institutda beyin fəaliyyətinin tədiqatlarında istifadəsi məqsədləri qarşıya qoyulmuşdur.  Bu məqsədləri uğurla həyata keçirən fizioloq alim beyin tədqiqatlarının institutda yeni istiqamətinə, morfofizioloji tədqiqatalrın inkişafına təkan vermiş, 1974-cü ildən həyatının sonuna kimi “Funksional sitokimya” laboratoriyasına (2016-cı ildən “Hüceyrənin morfofunksional plastikliyi” laboratoriyası) rəhbərlik etrmişdir.

   1991-ci ildə Ukrayna  Elmlər  Akademiyasının A.A.Boqomolets adına Fiziologiya İnstitutunda “Qida və su motivasiyası zamanı hipotalamus nüvələrində adaptiv kompensator  reaksiyaların morfokimyəvi dəyişikliklərinin  qanunauyğunluqları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.

   1991-2000-ci illərdə professor F.B.Əskərovun rəhbərlik etdiyi laboratoriyada aparılan tədqiqatlar mərkəzi sinir sistemində təkamül boyu  “adaptasiyanın struktur izi” adlanan neyrohumoral proqramın  yazılması konsepsiyasını irəli sürməyə imkan vermişdir. Sonrakı illərdə qida motivasiyası zamanı beyində bioenergetik və plastik proseslərin xüsusiyyətləri öyrənilmiş, qida tərkibindən, vitaminlərin çatışmazlığından asılı olaraq ali sinir fəaliyyətində baş verən morfofunksional  dəyişikliklər üzə çıxarılmışdır.

   Professor Əskərov elmi  fəaliyyəti dövründə yerli və xarici nəşrlərdə 300-dən çox elmi əsər çap etdirmişdir, çoxsaylı yerli və xarici elmi forumlarda elmi məruzələrlə çıxış etmişdir. O, 3 elmi monoqrafiyanın müəllifidir. Sonuncu monoqrafiya  “Reseptordan refleksə” (“От рецептора до рефлекса”) adı altında rus dilində 2018-ci ildə  nəşr olunmuşdur. Son illərdə o, bu monoqrafiyanın azərbaycan dilli oxucular üçün versiyasının üzərində işləyirdi, təəssüf ki, ömür vəfa vermədi. Onun rəhbərliyi altında 15 biologiya üzrə fəlsəfə doktoru, 3 biologiya elmləri doktoru hazırlanmışdır.

   Professor Əskərov universitetlərlə də sıx əlaqədə olmuşdur. O, 1994-cü ildən 2006-cı ilə qədər Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqat Mərkəzində “Morfologiya və elektron mikroskopiya” şöbəsinin müdiri kimi tibb sahəsində 50-dən çox alimin tədqiqat işlərinin aparılmasında yaxından iştirak etmişdir. Türkiyə universitetində funksional sitokimya sahəsində aparılan tədqiqatlarda qabaqcıl üsulların istifadəsi üzrə konsultant kimi fəaliyyət göstərmişdir.  

   Fiziologiya İnstitutunun əməkdaşları ömrünün 60-ildən çoxunu instituta, fiziologiya elminin inkişafına həsr etmiş və bu sahədə böyük elmi uğurlar qazanmış Fəxrəddin müəllimin vəfatından kədərlənir və ailə üzvlərinə, yaxınlarına başsağlığı verir. İnanırıq ki, böyük alimin əziz xatirəsi bütün  həmkarlarının, tələbələrinin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!