Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun və Türkiyənin IKSAD İnstitutunun birgə təşkilatçılığı ilə Qarabağın işğaldan azad edilməsinin 5-ci ildönümü və Anım Günü ərəfəsində 8-ci Beynəlxalq Tibb və Sağlamlıq Elmləri Konqresi keçirildi.
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təşkil olunmuş tədbir təbii faktorların tibbi praktikada istifadəsi problemlərinə həsr olunmuşdu. Unikal Naftalan nefti, 1500-dən artıq müalicəvi bitki resursları, mineral sular və Duzdağ kimi zəngin təbii resurslara malik olan Azərbaycan üçün bu faktorların tibdə istifadəsinin elmi əsaslarının işlənməsi biotibb elminin prioritet istiqamətlərindən biridir.
Konqres hibrid formatda təşkil olunaraq 20 ölkədən alim və mütəxəssisləri bir araya gətirdi. Təmsil olunan ölkələr sırasında Albaniya, Anqola, Azərbaycan, Braziliya, Bolqarıstan, Çin, Çexiya, Hindistan, İran, Qazaxıstan, Kosovo, Monteneqro, Mərakeş, Nigeriya, Pakistan, Polşa, Portuqaliya, Rumıniya, Serbiya və Türkiyə yer aldı. Ümumilikdə tədbir çərçivəsində 100-dən artıq elmi tezis və məqalə təqdim olundu. Məruzələr biotibb, klinik tibb, əczaçılıq, biotexnologiya, neyroelm və ictimai səhiyyə sahələrini əhatə edirdi. Ən çox iştirakçı ilə Türkiyə və Azərbaycan təmsil olunmuşdu, Hindistan, Nigeriya, Mərakeş, Albaniya, Polşa və Portuqaliyadan da çoxsaylı məruzələr təqdim edilmişdi.
Konqresin birinci günü Mərkəzi Elmi Kitabxanada rəsmi açılış mərasimi və plenar iclaslarla yadda qaldı. Açılışdan öncə konqresin təşkilatçısı, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova institut əməkdaşları və xarici qonaqlarla birlikdə Fəxri Xiyabanı ziyarət etmiş, ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarları önünə gül dəstələri qoyaraq xatirələrini ehtiramla yad etmişdir.
Daha sonra Mərkəzi Elmi Kitabxanada keçirilən rəsmi açılış mərasimi başlandı. Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Respublikanın Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli açaraq konqresin elmi və mənəvi əhəmiyyətini vurğuladı, tədbirin beynəlxalq elmi əməkdaşlığa mühüm töhfə verəcəyini qeyd etdi.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi, ”Clarivate” şirkətinin Azərbaycandakı rəsmi təmsilçisi İltifat İnbahimov çıxış edərək ölkəmizdə elmin və ali təhsilin inkişafı istiqamətində həyata keçirilən strateji tədbirlər və əldə olunan nailiyyətlər barədə məlumat verdi.
Konqres iştirakçılarını salamlayan Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova institutun yeni tədqiqat istiqamətləri haqqında danışdı. O, həmçinin Azərbaycanın zəngin təbii resurslarının – xüsusilə Naftalan neftinin və Duzdağın müalicəvi imkanlarının elmi cəhətdən araşdırılmasının İnstitutun elmi prioritetlərindən biri olduğunu vurğuladı. Türkiyədən gəlmiş alimlər – İnönü və Bingöl Universitetlərinin nümayəndələri Dr. İsmet Yılmaz və Dr. Şule Melek çıxış edərək qardaş ölkələr arasında elmi əməkdaşlığın önəmini qeyd etdilər. Çindən olan iştirakçılar adından çıxış edən Li Cang isə elm və innovasiya əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğuladı.
Xüsusilə diqqətəlayiq məqam isə Pekin Universiteti Qlobal Sağlamlıq və İnkişaf İnstitutunun professoru Dr. Liu Tingfangın videomüraciəti oldu. O, tədbir iştirakçılarını səmimi ürək sözləri və təbrik mesajı ilə salamladı, təmsil etdiyi Qlobal Sağlamlıq və İnkişaf İnstitutu və Azərbaycanın qocaman elm ocaqlarından biri olan akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu arasında yeni yaranan elmi əməkdaşlığın uğurlu olacağına əmin olduğunu vurğuladı.
İkinci gün bölmələr üzrə elmi çıxışlarla davam etdi. Fərqli mövzuları əhatə edən təqdimatlar konqres iştirakçıları arasında geniş müzakirələrə səbəb oldu.
Konqresin sonuncu günü tədbirin bağlanış mərasimi keçirildi və iştirakçılara sertifikatlar təqdim olundu. Daha sonra qonaqlar Fiziologiya İnstitutuna dəvət edilərək institutun elmi istiqamətləri və əməkdaşlıq imkanları ilə bağlı Azərbaycanlı həmkarları ilə geniş müzakirələrə qoşuldular. Görüş çərçivəsində xarici alimlərlə birgə layihələrin həyata keçirilməsi imkanları da müzakirə edildi. Xüsusilə Çin alimlərinin süni intellektin fizioloji tədqiqatlarda tətbiqi ilə bağlı əməkdaşlıq təklifləri böyük maraq doğurdu.
Konqres günləri ərzində iştirakçılar paytaxtımızın qədim tarixi və memarlıq abidələrini ziyarət etdilər. Onlar həmçinin 20 Yanvar Şəhidlər xiyabanını və memorial kompleksini ziyarət edərək şəhidlərin əziz xatirəsini ehtiramla yad etdilər. Daha bir yadda qalan məqam isə Dr. İsmət Yılmazın Malatyada fevral zəlzələsi zamanı həlak olan azərbaycanlı magistrantı Gündüz Nəzərzadənin ailəsini ziyarət etməsi, onunla bağlı xatirələrini bölüşməsi oldu.
Konqresin elmi gündəliyi xərçəngin erkən diaqnostikası, neyrodegenerativ xəstəliklər, ictimai səhiyyə modelləri, biotibbi materialların inkişafı və süni intellektin tibdə tətbiqi kimi multidissiplinar mövzuları əhatə etdi. Tədbir elmi əməkdaşlığın möhkəmlənməsinə, yeni birgə layihələrin əsasının qoyulmasına və bilik mübadiləsinin genişlənməsinə mühüm töhfə verdi.
25 iyun 2025-ci il tarixində fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçiriləcək
30 iyun 2025-ci il tarixində fəlsəfə doktorluğu dissertasiya işinin müdafiəsi keçiriləcək