XƏBƏRLƏR Arxiv 2053 Çap et
07.02.2020 / Konfranslar, iclaslar AMEA-nın Yer Elmləri Bölməsinin elmi-tədqiqat institutlarının fəaliyyəti yüksək qiymətləndirilib

Fevralın 7-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təltif olunmuş – Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədova “Şöhrət” ordenlərini, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş – akademiklər Akif Əlizadə, Ramiz Məmmədov, Telman Əliyev, Nazim Məmmədov, Vaqif Fərzəliyev, Vaqif Abbasov, AMEA-nın müxbir üzvləri Qurban Yetirmişli, Misir  Mərdanov, Oktay Qasımov, Oqtay Səmədov və Bəxtiyar Məmmədova yubiley medallarını təqdim edib.

Akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq iclasın AMEA-nın Yer Elmləri Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunduğunu bildirib.

Sonra AMEA-nın birinci vitse-prezidenti, Yer Elmləri Bölməsinin sədri, akademik İbrahim Quliyev bölmənin hesabatını təqdim edib. Alim ötən il bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətlərində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, dövlət proqramları, AMEA rəhbərinin sərəncamları, eləcə də AMEA-nın Ümumi yığın­cağı və Rəyasət Heyətinin qərarlarının əsas götürüldüyünü bildirib.

Diqqətə çatdırılıb ki, hesabat ilində bölmənin müəssisələrində 14 problemi əhatə edən 48 mövzu üzrə tədqiqatlar aparılıb, 70 iş tamamlanıb, 13 mühüm elmi nəticə əldə olunub. Bundan başqa, müəssisələr tərəfindən 2 iş tətbiq olunub, 26 təsərrüfat müqaviləsi üzrə görülən işlər yekunlaşıb. 

Bölmənin nəşriyyat fəaliyyətindən danışan İbrahim Quliyev bildirib ki, hesabat ilində 144-ü xaricdə olmaqla 291 məqalə və 45-i xaricdə olmaqla 104 tezis işıq üzü görüb. Bunlardan 45 məqalə impakt-faktorlu jurnallarda dərc olunub. Bölmə alimlərinin 10 monoqrafiya, 3 kitab və 19 dərs vəsaiti nəşr edilib, həmçinin 25 qrant və biri xaricdə olmaqla iki patent alınıb.

Kadr hazırlığı məsələsinə toxunan məruzəçi qeyd edib ki, 2019-cu ildə bölmə üzrə magistraturaya 16, doktoranturaya isə 12 nəfər qəbul olub, hazırda bölmənin institutlarında fəlsəfə doktorluğu hazırlığı üzrə 20 nəfər təhsil alır.

Birinci vitse-prezident beynəlxalq əlaqələrdən də bəhs edərək, hesabat ilində bölmə müəssisələrinin ABŞ, Almaniya, Fransa, İtaliya, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrin elm və təhsil qurumları ilə əməkdaşlığını davam etdirdiyini, müxtəlif istiqamətlərdə birgə tədqiqatların aparıldığını bildirib. O, bölmə üzrə dörd beynəlxalq tədqiqat laboratoriyasının fəaliyyət göstərdiyini əlavə edib.

Elmi tədqiqatlarda informasiya kommunikasiya texnologiyalarından geniş istifadə edildiyini deyən akademik İ.Quliyev bölmənin NASA, UNAVCO, EMSC, ZOPAC, EMSC məlumat bazaları, Massaçusets Texnologiya İnstitutu, Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutu, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqavilə Təşkilatı və digər qurumlarla elmi əlaqələrini genişləndirdiyini qeyd edib.

Alim bölmə müəssisələrində keçirilən konfrans və yubileylər, struktur dəyişiklikləri, təltiflər, xarici ezamiyyətlər, elm və təhsilin inteqrasiyası, gənc alim və mütəxəssislərin fəaliyyəti, ekspedisiyalar və digər məsələlər barədə də məlumat verib.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. Müzakirələrdə AMEA Rəyasət Heyətinin üzvləri və bölməyə daxil olan institutların rəhbərləri iştirak ediblər.

Sonda Rəyasət Heyəti bölmənin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təsdiq edib və mühüm nəticələrin AMEA Rəyasət Heyətinin hesabatına daxil edilməsi qərara alıb. Bölməyə dağılma mexanikasının qeyri-klassik problemləri, Binəqədi dördüncü dövr flora və fauna tapıntı yerinin öyrənilməsi, intellektual coğrafi məlumat sistemi, böyük dərinlik nefti, geodinamika və seysmologiya kimi prioritet istiqamətlər üzrə elmi işlərin həyata keçirilməsi tapşırılıb.

Tədbirdə, həmçinin Rəyasət Heyətinin digər qərarı ilə AMEA-nın Geologiya və Geofizika İnstitutunun strukturunda qismən dəyişiklik edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.