XƏBƏRLƏR Arxiv 2130 Çap et
10.03.2020 / Görüşlər AMEA İtaliyanın elmi qurumları ilə əlaqələrini genişləndirir

Martın 10-da AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Augusto Massari ilə görüşüb.

Görüşdə AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev də iştirak ediblər.

AMEA Rəyasət Heyətində keçirilən görüşdə akademik Ramiz Mehdiyev Azərbaycanla İtaliya arasındakı münasibətlərin uzun tarixi dövrü əhatə etdiyini bildirib. O, bu yaxınlarda Prezident İlham Əliyevin İtaliyaya səfərini xatırladaraq, ölkələrimiz arasındakı əlaqələrin bütün istiqamətlərdə uğurla davam etdirildiyini vurğulayıb.

Akademik Ramiz Mehdiyev iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən elm sahəsində mövcud əlaqələri yüksək dəyərləndirib, yeni elmi layihələrin işlənib hazırlanmasının zəruriliyini qeyd edib. İtaliyanın elmi qurumları ilə AMEA arasında əlaqələrin genişləndirilməsinin önəmini vurğulayan alim yaxın günlərdə elmi əməkdaşlığa dair sənədin imzalanacağını da diqqətə çatdırıb.

AMEA rəhbəri, həmçinin ötən həftə İtaliyanın məşhur “Sandro Teti” nəşriyyat evinin rəhbəri ilə görüşünü xatırladıb. O, görüşdə Azərbaycan tarixi, ədəbiyyatı və folklorunu əhatə edən bir neçə əsərin mərhələlərlə italyan dilinə tərcümə edilməsi barədə təklifin irəli sürüldüyünü bildirib. Akademik R.Mehdiyev italyan dilinə tərcümə edilərək yayılacaq kitabların İtaliya oxucularında Azərbaycanın siyasi həyatı ilə yanaşı, elmi və ədəbiyyatı haqqında da geniş təəssürat yaradacağını qeyd edib.

Daha sonra çıxış edən İtaliyanın Azərbaycandakı səfiri A.Massari səmimi qəbula görə AMEA-nın prezidentinə minnətdarlığını bildirib. O, elmi əməkdaşlıq haqqında nəzərdə tutulan protokolun əhəmiyyətindən danışıb, sənədin detallarını diqqətə çatdırıb. Səfir bu əməkdaşlığın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

AMEA Rəyasət Heyətinin Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva Azərbaycan və İtaliya arasında imzalanacaq elmi əməkdaşlıq haqqında protokolun yekun mərhələdə olduğunu bildirib, ölkələrimizin elmi müəssisələri arasındakı mövcud layihələr barədə məlumat verib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.