XƏBƏRLƏR Arxiv 1999 Çap et
09.04.2020 / Mühüm hadisələr İlin sonuna qədər koronavirus əleyhinə ilk vaksinin satışa çıxarılması planlaşdırılır

Bütün dünyanı bürümüş koronavirus pandemiyası ilə əlaqədar olaraq Ümumdünya Səhiyyə Təşkilatı dünyanın 50-dən çox ölkəsində pandemiya əleyhinə peyvənd və preparatların hazırlığı üzrə işlərin getdiyini bəyan edib.

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun böyük elmi işçisi Aytən Ağayeva RealTv-yə müsahibəsində koronavirusun öyrənilməsi, ona qarşı mübarizə tədbirləri və peyvəndlərin hazırlanmasından danışıb. Bildirib ki, bu virus əleyhinə preparatların hazırlanma prosesinin nə vaxt başa çatacağı hələlik, bəlli deyil.

Vaksinlərin müəyyən bir xəstəliyə qarşı aktiv qazanılmış immuniteti təmin edən bioloji hazırlıq olduğunu deyən müsahib, onların xəstəlik törədən patogenlərə bənzəyən agentdən – zəiflədilmiş və ya öldürülmüş patogenlərdən hazırlandığını deyib. Bildirib ki, hazırda dünyada koronavirusla mübarizə üzrə tədqiqatlar iki istiqamətdə aparılır: birincisi, yeni vaksin preparatlarının, ikinci isə müxtəlif antiviral maddələrin hazırlanması. Koronavirusla müalicə məqsədilə müxtəlif antiviral, antiparazit, antibakterial agentlərdən kompleks şəklində istifadə edilir.

A.Ağayeva vurğulayıb ki, hətta adi qrip virusu hər il mutasiyaya uğrayır, onun səthi proteinlərində dəyişikliklər gedir. Elmi tədqiqatlar göstərir ki, koronavirus da illər ərzində mutasiyaya uğradığından hazırda insanın immun sistemi bu virusla çətinliklə mübarizə aparır.

O, virusu məhv edən, eyni zamanda hüceyrəyə ziyan yetirməyən effektiv bir dərmanın hazırlanmasının olduqca mürəkkəb olduğunu deyib.  Bildirib ki, dərman preparatlarının hazırlanması müəyyən mərhələlərdən keçir. Buraya ilkin tədqiqat və skrininq mərhələsi, preklinik tədqiqatlar, klinik tədqiqatlar və sonuncu – dərman preparatının təsdiq edilməsi və satışa buraxılması mərhələsi aiddir.

ABŞ Milli Sağlamlıq İnstitutunun verdiyi məlumata əsasən, artıq ilk vaksinin insan üzərində sınağına başlanıldığını deyən A.Ağayeva ilin sonuna qədər bu vaksinin satışa buraxılmasının planlaşdırıldığını nəzərə çatdırıb.

Müsahib avstraliyalı alimlərin koronavirus əleyhinə preparatın hazırlanması məqsədilə laboratoriya şəraitində 48 saat ərzində apardıqları tədqiqat barədə də məlumat verib: “Tədqiqatın nəticələrinə görə, mikroskopik analizlər yeni dərmanın koronavirusu məhv etdiyini göstərib. İnsan orqanizmi canlı hüceyrələrdən ibarətdir. Bu səbəbdən eksperimentlərin genişləndirilərək əvvəl heyvanlar, sonra isə insanlar üzərində aparılması lazımdır”.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.