AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “İnteqrativ fəaliyyətin molekulyar əsasları” laboratoriyasının böyük elmi işçisi Şövqü Hüseynov dünyanın ən məhşur universitetlərindən biri olan Amerikanın Harvard Universitetində distant olaraq 2 kursu başa vurub və sertifikata layiq görülüb. Neyroelmin əsasları, I hissə: Neyronun elektrik xüsusiyyətləri və Neyroelmin əsasları, II hissə: Neyronlar və şəbəkələr mərhələləri üzrə onlayn təlimi uğurla başa vuran gənc alim bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar dünyanın bəzi məhşur universitetləri müxtəlif elmi istiqamətlərdə pulsuz distant təhsil kursları təşkil ediblər. Belə ki, bu kurslarda online videomühazirələr, dünyanın məhşur universitetlərinin elmi nəşrləri, öyrənilən elm sahəsinə uyğun olaraq interaktiv diaqramlar, 3D videolar, kursun materiallarına əsasən aparılmış eksperimental, praktiki, kliniki və tətbiqi işlərin videogörüntüləri, təcrübi məşğələlərin video görüntüləri mövcuddur. Ş.Hüseynov onu da bildirib ki, elmin bu istiqamətində tədqiqatlara dair Nobel mükafatı almış dünyada məhşur olan alimlərin müsahibələri, sınaq testlərinin yer aldığı kurslarda distant təhsil almaq üçün ingilis dili səviyyəsi çox yüksək, Academic IELTS (Beynəlxalq elmi ingilis dili imtahanı) 7 bal səviyyəsində olmalıdır.
Ş.Hüseynov sonda onu da qeyd edib ki, verilmə tarixi və online etibarlılıq şifrəsi də mövcud olan beynəlxalq sertifikatlar dünyanın hər yerində tanınır və qəbul edilir.
Neyroelm üzrə təlim kursunu vaxtından tez bitirib, imtahanlardan yüksək nəticə toplayan Ş.Hüseynov bildirir ki, bu uğurlara görə Azərbaycan Tibb Universitetində oxuduğu zaman aldığı biliklərə, AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda fəlsəfə doktoru hazırlığı keçdiyi və hazırda çalışdığı dövrdə onu əhatə edən yüksək intelektual potensiala malik elmi mühitə borcludur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.