XƏBƏRLƏR Arxiv 2310 Çap et
04.05.2020 / Konfranslar, iclaslar Alimlərin beynəlxalq layihələrdə fəal iştirakına dair müzakirələr aparılıb

AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsi tərəfindən AMEA-nın elmi müəssisələrinin xarici əlaqələr şöbələri və məsul şəxsləri ilə 5 saata yaxın onlayn toplantı keçirilib.

İdarənin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva AMEA tərəfindən müxtəlif ölkələrin elmi təşkilatları ilə birlikdə elan edilən ikitərəfli layihə müsabiqələri və "Horizon 2020" üzrə hazırkı vəziyyət, son illərdə əldə edilmiş nailiyyətlər və hələ də mövcud olan problemlər haqqında ətraflı məlumat verib, həmkarlarını beynəlxalq layihə və proqramlarda daha fəal iştiraka təşviq edib.

İdarənin Layihələrin idarə edilməsi şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruslan Qasımov və şöbə müdirinin müavini Aytən Hüseynova AMEA-nın elmi müəssisələri ilə müştərək fəaliyyətin gücləndirilməsi və akademiya alimlərinin beynəlxalq elmi proqramlara qoşulması imkanlarının genişləndirilməsi üzrə təkliflərlə çıxış ediblər. İdarənin Xarici əməkdaşlıq şöbəsinin müdir müavini Orxan Məmmədov təşkilatlar arasında imzalanan əməkdaşlıq sənədlərinin qaydaları və onlara qoyulan tələblər haqqında məlumat verib. Şöbənin baş mütəxəssisləri Məlahət Qurbanova və Yeganə Əliyeva müxtəlif ölkələrin elmi qurumları ilə mövcud əməkdaşlıq əlaqələrinin səmərəliyinin artırılması üzrə monitorinq mexanizminlərini təqdim ediblər.

Toplantıda elmi müəssisələrin xarici əlaqələrə məsul nümayəndələri – Fizika İnstitutundan Dünyamalı Məmmədov, İdarəetmə Sistemləri İnstitutundan Tofiq Babayev, Riyaziyyat və Mexanika İnstitutundan Eldar Abbasov, İnformasiya Texnologiyaları İnstitutundan Babək Nəbiyev, Biofizika İnstitutundan Sevinc Hüseynova, akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutundan Yengibar Əliyev, akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan Ülviyyə Məmmədova, Polimer Materialları İnstitutundan Esmira İmanova, Neft və Qaz İnstitutundan Şəlalə Hüseynova, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutundan Turanə Hüseynova, Respublika Seysmoloji Xidmət Mərkəzindən Telman Cəfərov, Botanika İnstitutundan Elnarə Orucova, Zoologiya İnstitutundan Elyanə Tahirova, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutundan Fərhad Rüstəmov, Dendrologiya İnstitutundan Rəşad Xəlilov, Genetik Ehtiyatlar İnstitutundan Ayaz Məmmədov, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan Nigar Babaxanova, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən Nailə Əliyeva, Hüseyn Cavidin Ev Muzeyindən Aytən Cəfərli, Arxeologiya və Etnoqrafiya İnstitutundan Səfər Aşurov, Fəlsəfə İnstitutundan Zöhrə Əliyeva, Qafqazşünaslıq İnstitutundan Günay Feyziyeva, Milli Azərbaycan Tarixi Muzeyindən Emin Dadaşov, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutundan Lamiyə Qafarzadə çıxış ediblər. Məsul şəxslər təmsil etdikləri təşkilatlarda müvafiq sahə üzrə əldə edilmiş nailiyyətlər, iştirak etdikləri beynəlxalq proqram və layihələr, əməkdaşlıq istiqamətləri, mövcud çətinliklər haqqında məlumat verib, beynəlxalq əməkdaşlıq istiqamətində daha böyük uğurlar əldə etmək üçün təkliflərini irəli sürüblər.

Toplantı zamanı layihələrin beynəlxalq standartlara uyğun hazırlanmasına həsr edilmiş vebinar və təlimlərin, həmçinin təcrübə mübadiləsinin təşkili üzrə razılıq əldə edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.