XƏBƏRLƏR Arxiv 2063 Çap et
21.05.2020 / Yeni nəşrlər Biotibb üçün prioritet

Hər hansı bir infeksiyaya qarşı mübarizədə həlledici rolu immun sistem oynayır.

Paradoksal görünsə də, koronavirus pandemiyası biotibbin bir sıra sahələrinin inkişafı üçün unikal fürsətlərə yol açır. Bu elmlər sırasına immunologiya və immunofiziologiya kimi elmlər də aiddir.

Bir tərəfdən müəyyən faiz gənclərdə bu virus infeksiyasının ağır gedişatı və hətta ölümlə nəticələnməsi, digər tərəfdən  80+ yaş qrupundakı insanların və hətta uzunömürlülərin koronavirusdan müvəffəqiyyətlə sağalma hallarının olması göstərir ki, ümumi qəbul olunmuş yaş həddi və xroniki xəstəliklər kimi risk faktorlarından əlavə  bu xəstəliyin gedişatına və nəticəsinə təsir edən digər amillər də var.

Xüsusən, güman etmək olar ki,  risk qrupuna aid olmayan insanlarda COVID-19 virusunun ağır gedişatının səbəbi immun sistemin genetik proqramlaşdırılmış xüsusiyyətləri ilə bağlıdır, hansı ki, yoluxucu amillərə, o cümlədən koronavirus COVID-19 infeksiyasına qarşı orqanizmin müqavimətini müəyyənləşdirir.

Bəzi immunoloqlar bu mövqedən çıxış edərək, hesab edirlər ki,  tamamilə sağlam gənclərdə COVID-19 xəstəliyinin ağır formada keçməsi  spesifik  mutasiyaların orqanizmin immun sistemini zəiflətməsi ilə bağlı ola bilər, bunu da virusla qarşılaşana qədər aşkar etmək olmur.

Onların fikrincə, digər infeksion xəstəliklər zamanı da  oxşar vəziyyət müşahidə olunur, belə ki, müxtəlif orqanizmlərdə genlərdəki fərqlilik və bununla əlaqədar olaraq immun cavabın müxtəlifliyi bir sıra yoluxucu xəstəliklərə, o cümlədən virusların da yaratdığı xəstəliklərə qarşı həssaslıq yaradır. 

Başqa sözlə, insan orqanizminin hər hansı bir infeksiya, o cümlədən COVID-19 ilə mübarizəsində  həlledici rol immun sistemə aiddir. Bu baxımdan immunologiya və onun əsasında formalaşan nisbətən yeni elmi bilik sahəsi olan immun sistemin fəaliyyətinin fizioloji əsaslarını öyrənən immunofiziologiya koronavirusdan sonrakı biotibb  üçün xüsusi əhəmiyyət kəsb edir. 

COVID-19 ilə bağlı qlobal tibbi statistik araşdırılma izaha ehtiyacı olan bir məqamı da ortaya çıxarır: COVID-19  xəstəliyi dünyanın əksəriyyət ölkələrində qeydə alınsa da, bu ölkələr arasında xəstəliyin gedişatında və ölüm göstəricilərində ciddi fərqlər var. Belə ki, bu xəstəlik  yüksək inkişaf etmiş tibbə malik olan Avropanın, ABŞ və Böyük Britaniyanın ən inkişaf etmiş ölkələrində (indiyə qədər)  ən ağır dərəcədə özünü göstərir. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının 12 may tarixli məlumatına görə, İspaniyada 1 milyon əhaliyə düşən ölənlərin sayı 576, İtaliyada - 508, Fransada - 408, Almaniyada - 91, Portuqaliyada -114, Polşada - 22, Rumıniyada - 52, Danimarkada - 92, Çexiyada - 26, Xorvatiyada - 22, Avstriyada - 69, İsveçdə - 328, Belarusiyada – 15 olmuşdur. 

Bildiyimiz kimi, son iki ölkədə karantin tədbirləri tətbiq edilməmişdir, lakin göstəricilərdə kəskin fərq nəzərə çarpır. Əlbəttə ki, mövcud mənzərə bir sıra bioloji və qeyri-bioloji amillərin birgə təsirinin nəticəsidir və gələcək tədqiqatların mövzusu olacaqdır.

Yuxarıda qeyd olunanları nəzərə alsaq, digər amillər sırasında bu  ölkələrin əhalisinin immunofizioloji xüsusiyyətləri və ya immunofizioloji profilində populyasiya fərqlərinin  böyük rol oynadığı da istisna deyil, belə ki, müəyyən bir ölkənin əhalisini təşkil edən insanların toplusu bioloji baxımdan az və ya çox dərəcədə ümumi genofonda malik və artıq populyasiya səviyyəsində immun cavabın spesifikliyini  müəyyənləşdirən insan populyasiyası deməkdir. Beləliklə, həm fərdi, həm də populyasiya səviyyəsində immunofizioloji profilin qiymətləndirilməsində çoxşaxəli tədqiqat layihələrinin hazırlanması COVID-19-dan sonrakı biotibb üçün prioritetlərdən biridir. 

Bu cür elmi layihələrin ölkəmizin digər elmi mərkəzləri ilə sıx əməkdaşlıq şəraitində inkişaf etdirilməsi və həyata keçirilməsi üçün AMEA-nın Fiziologiya İnstitutu kifayət qədər nəzəri potensiala və təşkilati təcrübəyə malikdir. Belə ki, bu yaxınlarda institutda elmi istiqamətlərindən biri molekulyar tibb üsullarından istifadə etməklə insan immunitetini yaş aspektində qiymətləndirilməsi olan immunofiziologiya və eksperimental transplantologiya laboratoriyası açılmışdır,  və bu da uzunömürlülük səviyyəsi yüksək olan bölgələrdə populyasiya tədqiqatlarında özünü təsdiqləmişdir.

Qeyd edilməlidir ki, bu işlər Rusiya Elmlər Akademiyasının Herontologiya və Bioregulyasiya İnstitutu və Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Sankt-Peterburq ftiziopulmonologiya Tədqiqat İnstitutunun Molekulyar Biotibb Mərkəzi ilə birlikdə həyata keçirilir. Biotibbi elmin koronavirus pandemiyası ilə əlaqədar açdığı yeni məqsədlər çərçivəsində, institut biotibbi tədqiqatların aparılması üçün potensialı gücləndirməyi və orqanizm-mühit sistemindəki qarşılıqlı təsirin  fundamental mexanizmlərini öyrənən laboratoriyaların elmi fəaliyyətinə həm texniki, həm də maliyyə dəstəyi verməyi planlaşdırır. Əminik ki, bu tədqiqatların nəticələri gələcəkdə yoluxucu amillərin, o cümlədən virusların kəskin oyanmalarına səbəb olan epidemioloji proseslərin gedişatını proqnozlaşdırmaq üçün zəruri məlumat bazası yaratmağa və onların toksiki təsirlərindən adekvat immunoloji müdafiəni təmin edəcək effektiv preparatların yaradılmasına imkan verəcəkdir.

 

Ulduz Həşimova,

AMEA-nın Fiziologiya İnstitutunun direktoru,

Biologiya elmləri doktoru