XƏBƏRLƏR Arxiv 2026 Çap et
06.06.2020 / Yeni nəşrlər Tarixi reallıqlara obyektiv elmi baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş qərarlar və Ermənistan tərəfindən süni şəkildə Azərbaycan mənşəli yer adlarının dəyişdirilməsinə dair səsləndirdiyi fikirlər obyektiv tarixi reallığın ifadəsidir. Azərbaycan Cümhuriyyətinin kitab halında çap edilmiş stenoqramları, keçən əsrin əvvəllərində hazırlanmış xəritələr, arxiv materialları, dövri mətbuat materialları həmin tarixi hadisələrə və proseslərə şahidlik edir.

Bununla belə, Azərbaycan Respublikası Prezidentinin Tərtər rayonuna səfəri zamanı çıxışından irəli gələn məsələlərin əsaslı şəkildə yenidən tədqiq edilib araşdırılması üçün Milli Elmlər Akademiyasında bir sıra tədbirlərin həyata keçirilməsinə start verilib.

Bunu AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

“İlk növbədə, onu qeyd etməyi lazım bilirik ki, AMEA-da müxtəlif elm sahələrini təmsil edən mütəxəssislərin apardıqları araşdırmalardan ibarət “İrəvan şəhəri – necə varsa” adlı məqalələr toplusu hazırlanıb nəşr edilməsi planlaşdırılır. Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunda, Həsən Əliyev adına Coğrafiya İnstitutunda, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aşkara çıxarılmış tarixi xəritələrin yenidən tədqiqi və nəşri istiqamətində də növbəti addımların atılması nəzərdə tutulur. Eyni zamanda, Tarix, Coğrafiya və Dilçilik institutlarında Ermənistan tərəfindən XX əsrin müxtəlif dövrlərində süni şəkildə dəyişdirilmiş Azərbaycan mənşəli yer adlarına dair aparılmış tədqiqatların əhatə dairəsinin genişləndirilməsi, sovet hakimiyyətindən qabaq çap olunmuş xəritələrlə müqayisəsi və XX əsrin doxsanıncı illərindən sonra Göyçə mahalında, Dağlıq Qarabağda, Dərələyəz və Dilican ərazilərində toponimiya sahəsində həyata keçirilmiş saxtakarlıqların da əlavə olunması ilə yeni nəşrlərin hazırlanıb xalqımıza çatdırılması və xarici dillərdə nəşr edilməklə dünya ictimaiyyətinə təqdim olunması üçün tədbirlər müəyyən edilib.

Ümumiyyətlə, yer adları ilə əlaqədar məsələlərin davamlı olaraq və sistemli şəkildə araşdırılması məqsədilə Nəsimi adına Dilçilik İnstitutunda “Terminologiya və toponimika” adlı elmi-tədqiqat şöbəsinin yaradılmasına dair hazırlıq işləri aparılır.

Tarixi reallıqları obyektiv şəkildə tədqiq edib müəyyənləşdirmək, xalqa çatdırmaq və yeni nəsilləri vətənpərvərlik ruhunda tərbiyə etmək əsl elmin vətəndaşlıq borcu və mühüm vəzifəsidir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.