XƏBƏRLƏR Arxiv 2134 Çap et
01.07.2020 / Konfranslar, iclaslar Fiziologiya Institutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya institutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova 01 iyul 2020-ci il tarixində keçirilən III Beynəlxalq EuropeSpa online konfransda iştirak edib.

“Covid 19 çərçivəsində sanatoriyaların yenidən açılması və kommunikasiya strategiyaları" mövzusunda təşkil edilən konfrans ingilis dilində, ZOOM platforması ilə baş tutub. 

Dəvətli məruzəçi qismində Bad-Vörishofen Spa-mərkəzinin keçmiş direktoru və Hotel məktəbinin lektoru Aleksandr fon Hohenegg 2020-ci ilin iyununda ziyarət etdiyi 12 müxtəlif alman kurortunun yenidən açılması strategiyaları üzrə təcrübəsini dinləyicilərlə bölüşüb. Yunanıstan, Lüksemburq, İtaliya və digər ölkələrdən olan konfrans iştirakçıları tərəfindən yenidən açılan sanatoriya daxilində müalicə prinsiplərində edilən dəyişikliklər, yeni qaydaların tətbiqi, sırf müalicə və yaş məhdudiyyəti ilə sosial məsafəni gözləmək kimi təkliflər irəli sürülüb.

Konfransda həmçinin Fiziologiya İnstitutunun “İnteqrativ fəaliyyətin molekulyar əsasları” laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Şövqi Hüseynov və “Ekotoksikologiya” laboratoriyasının kiçik elmi işçisi Fərhad Rüstəmov iştirak ediblər.

Qeyd edək ki, AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu Almaniyanın Mainz Universiteti ilə 2019-cu ildən etibarən əlaqələr yaradıb. Professor U.F. Həşimova Almaniyanın Visbaden şəhərində keçirilən beynəlxalq konqresdə tibbi bərpa və kurortologiya sahəsində geniş tətbiq edilən naftalanın müalicəvi təsirinin eksperimental tədqiqatları  haqqında digər ölkə nümayəndələrinin ciddi marağına səbəb olan məruzə ilə çıxış edib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.