XƏBƏRLƏR Arxiv 1850 Çap et
18.08.2020 / Mühüm hadisələr Akademik Rasim Əliquliyev: “Beynəlxalq elmi bazalarla əməkdaşlıq gücləndirilməlidir”

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında müzakirə edilən məsələlərdən biri də “Web of science”, “Scopus” və digər elmi bazalarda çap imkanları haqqında olub.

Bu barədə institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev çıxış edərək qeyd edib ki, müəssisə əməkdaşlarının dünya elminə inteqrasiyasının təmin olunması baxımından onların müəllifi olduğu məqalələrin dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarda nəşri vacib məsələlərdəndir.

Alim innovativ elmi nəticələrin əldə olunması baxımından dünya səviyyəsində səmərəli elmi axtarışların aparılmasının vacibliyini qeyd edib. Bu məqsədlə əməkdaşlara elmi sosial şəbəkələrdə fəal olmağı, nüfuzlu elmi bazalarda qeydiyyatdan keçməyi tövsiyyə edib.

R.Alıquliyev, həmçinin “Web of science”in hazırda pandemiya şəraiti ilə əlaqədar olaraq, İnformasiya Texnologiyaları İnstitutu da daxil olmaqla, öz tərəfdaşlarına bu platformaya giriş imkanı verdiyini diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək “Web of science”, “Scopus” “İnspec” kimi beynəlxalq platformalarla əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb: “Məsul şəxslər bu istiqamətdə məqsədyönlü fəaliyyət göstərməli, institutun beynəlxalq bazalarda fəaliyyəti dərindən araşdırılmalıdır”.

Sonda institutun beynəlxalq bazalarda təmsil olunması ilə bağlı geniş müzakirələr aparılıb, təklif və tövsiyələr irəli sürülüb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.