XƏBƏRLƏR Arxiv 1876 Çap et
20.08.2020 / Konfranslar, iclaslar AMEA Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub

Avqustun 20-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq iclasın gündəliyində nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək akademiyanın təşkilatçılığı ilə 4-6 avqust tarixlərində keçirilən "Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq elmi onlayn konfrans barədə hesabat verib. Bildirib ki, yerli və xarici mütəxəssislərin iştirak etdiyi konfransın 9 plenar iclasına ümumilikdə 102 məruzə təqdim olunub. Akademik tədbirdə SARS-Cov-2 virusuna qarşı klinik və pre-klinik tədqiqatlar mərhələsində olan vaksin və dərman preparatları, COVID-19 infeksiyasının klinik özəllikləri və özünü doğrultmuş müalicələr, koronavirusların genomları və digər mövzularda Azərbaycan, rus və ingilis dillərində məruzələrin dinlənildiyini, müzakirələrin aparıldığını söyləyib. İ.Hüseynova tədbirə dair geniş məqalənin "Azərbaycan" qəzetində dərc edildiyini, həmçinin konfrans materialları şəklində işıq üzü gördüyünü vurğulayıb. O, eləcə də AMEA, Səhiyyə Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən koronavirus infeksiyasının genetik kodunun oxunması istiqamətində tədqiqatların aparılacağını bildirib.

Akademik İradə Hüseynova daha sonra Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın III cildinin nəşrinin hazırlıq işləri barədə məlumat verib. Diqqətə çatdırıb ki, ölkə Prezidentinin Sərəncamına əsasən, kitabın 2023-cü ildə çapı nəzərdə tutulur və bununla əlaqədar olaraq AMEA-da alimlərdən ibarət Redaksiya Heyəti yaradılıb. O, həmçinin "Qırmızı Kitabı"n birgə nəşrinə dair AMEA ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında müqavilənin hazırlandığını söyləyib.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin müəssisələri ilə Kənd Təsərrüfatı Nazirliyinin müştərək tədqiqat proqramları barədə də məlumat verilib. Quraqlığa dözümlü buğda sortlarının yetişdirilməsi, xaricdən toxumların gətirilərək yerli iqlimə uyğunlaşdırılması, şoranlaşmış torpaqların əkinə yararlı vəziyyətə salınması, biçənək və otlaqların tədqiqi istiqamətində birgə layihələrin nəzərdə tutulduğu bildirilib.

Bundan əlavə, iclasda AMEA ilə bir sıra beynəlxalq və ölkəmizin dövlət qurumları arasında birgə tədqiqatların aparılması məqsədilə əməkdaşlıq müqavilələrinin hazırlanmasına qərar verilib.

Daha sonra AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək kadr və təşkilati məsələlər barədə məlumat verib. Müzakirələr nəticəsində mövcud ştat sayı saxlanılmaqla AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiq edilib.

Fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Məlikov AMEA prezidentinin köməkçisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev Rəyasət Heyəti aparatının yeni yaradılmış Hüquq və kadrlar idarəsinin rəisi vəzifələrinə təyin olunublar. Həmçinin texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev AMEA-nın İnnovasiya Fondunun vakant olan rəhbəri vəzifəsinə ictimai əsaslarla təsdiqlənib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

Müzakirələrdə AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev və müxbir üzv Əminağa Sadıqov iştirak ediblər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.