AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının növbəti iclası keçirilib. Karantin qaydalarına əməl olunması və sosial məsafənin gözlənilməsi ilə, Elmi şuranın əksər üzvlərinin onlayn iştirakını təmin etməklə təşkil olunan iclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
İlk olaraq Azərbaycan Respublikasında mövcud olan su təminatı problemi müzakirəyə çıxarılıb. Problemin aktuallığına və yaranma səbəblərinə diqqət çəkən akademik İradə Hüseynova bu il iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında videoformatda keçirilmiş və su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə və həmin müşavirədə müvafiq strukturlar, eləcə də AMEA qarşısında qoyulmuş vəzifələrdən, ölkə Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”ndan danışıb. O, qeyd edib ki, Tədbirlər Planının yerinə yetirilməsinin elmi təminatı məqsədilə AMEA-da İşçi qrup yaradılıb, müxtəlif təşkilatlardan təkliflərin toplanması həyata keçirilib. Ötən dövr ərzində Biologiya və Tibb Elmləri Bölməsinin institutlarının alim və mütəxəssisləri tərəfindən də xeyli sayda təkliflər hazırlanıb və rəhbərliyə təqdim edilib.
İclasda qeyd edilən problemlərlə bağlı Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin “Kənd təsərrüfatında suvarmada mövcud problemlər və su ehtiyatlarından səmərəli istifadə” və Mikrobiologiya İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Pənah Muradovun “Azərbaycanın su ehtiyatlarının yaxşılaşdırılmasının və səmərəli istifadəsinin bioloji aspektləri” adlı elmi məruzələri dinlənilib.
Hər iki məruzə ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə akademiklər Qərib Məmmədov və Validə Əlizadə, AMEA-nın müxbir üzvləri Zeynal Əkpərov, Novruz Quliyev, İbrahim Cəfərov, Tofiq Məmmədov, biologiya elmləri doktoru Elşad Əhmədov və başqaları fəal iştirak ediblər. Akademik İradə Hüseynova müzakirələrə yekun vuraraq qeyd olunan məsələlərin daha konkret aspektlərdən tədqiqinin davamına ehtiyacın olduğunu vurğulayıb, problemlərin həlli ilə bağlı elmi əsaslı təkliflər paketinin hazırlanmasının vacibliyini qeyd edib.
Sonra gündəlikdəki digər məsələlərin müzakirəsi aparılıb. Akademik İradə Hüseynova AMEA-da magistratura təhsilinin təşkili ilə bağlı görülən işlərdən və bu istiqamətdə həyata keçirilən yeniliklərdən danışıb. Təhsilin bu pilləsinin akademiyada təşkilinin üstünlüklərini qeyd edən natiq AMEA-nın institutlarının magistrlərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinin doktorantura pilləsinə qəbul edilmələrini burada aparılan təhsilin keyfiyyət göstəricisi kimi qiymətləndirib. O, bölmədə yalnız Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar və Botanika institutlarında magistratura təhsilinin mövcud olduğunu qeyd edib və 2021-2022-ci tədris ili üçün qəbul sifarişlərini formalaşdırarkən bölmənin digər institutları üçün magistr hazırlığında bu üç institutun imkanlarından istifadə edilməsini tövsiyə edib.
İclasın gündəliyində yer alan digər məsələ BTEB-in institutlarında doktorantura və dissertanturaya növbəti qəbulun təşkili və keçirilməsi barədə olub. İnstitutlarda qəbul prosesinin yüksək səviyyədə və şəffaf şəkildə təşkili ilə bağlı tapşırıqlar verilib.
Tədbirdə bölmənin bəzi əməkdaşlarının BTEB-in Fəxri fərmanına layiq görüldüklərini diqqətə çatdıran akademik İradə Hüseynova təltifçilərin elmi fəaliyyətlərinin bölmənin əldə etdiyi uğurlara real töhfə verdiyini söyləyib. Pandemiya dövrü ilə bağlı qaydalar nəzərə alınaraq fəxri fərmanlar təqdim olunmaq üçün institut direktorlarına təhvil verilib.
Daha sonra bir sıra kadr məsələlərinə baxılıb. Biologiya elmləri doktoru, dosent Zümrüd Məmmədovanın öz xahişi əsasında Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsindən azad edilməsi və biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovanın həmin institutun elmi katibi vəzifəsinə təyin edilməsi ilə bağlı AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatətlərin qaldırılması qərara alınıb. Biologiya elmləri doktoru, professor Əliyar İbrahimov isə Dendrologiya İnstitutunun Sistematika laboratoriyasının müdiri vəzifəsinə təsdiqlənib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.