XƏBƏRLƏR Arxiv 1865 Çap et
24.09.2020 / Mühüm hadisələr Bakıda iynəyarpaqlı ağacların qurumasının səbəbləri araşdırılır

Bakı və Abşeron yarımadası ərazisində aparılan müşahidələr göstərib ki, son zamanlar bəzi ərazilərdə yaşı 40-dan yuxarı olan iynəyarpaqlı ağaclar quruyur.

AMEA-nın Mərkəzi Nəbatat Bağının (MNB) direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev bildirib ki, ağacların quruma səbəbinin müəyyənləşdirilməsi, fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi və MNB-nin əməkdaşlarından ibarət İşçi Qrup yaradılıb.

“İşçi Qrup tərəfindən Bakı və Abşeron yarımadası ərazisində monitorinqlər həyata keçirilib. Monitorinqlər zamanı Bayıl yamacının şimal və cənub hissəsində, Mərdəkan qəsəbəsindəki Sergey Yesenin küçəsində, Buzovna qəsəbəsinin müxtəlif ərazilərində, Nərimanov rayonundakı Aşıq Molla Cümə küçəsində, Nizami rayonu ərazisindəki park və yaşıllıqlarda çoxlu sayda Eldar şamı, Leyland sərvi və Həmişəyaşıl sərv kimi iynəyarpaqlı ağacların quruduğu, bəzilərinin isə yarıqurumuş vəziyyətdə olduğu müəyyən edilib”, - deyə Vahid Fərzəliyev vurğulayıb.

Alimin sözlərinə görə, ağacların quruma səbəbinin müəyyən olunması məqsədilə onların gövdəsindən, yarpağından və torpaq örtüyündən nümunələr götürülərək analiz olunması üçün laboratoriyaya göndərilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.