XƏBƏRLƏR Arxiv 1848 Çap et
21.12.2020 / Konfranslar, iclaslar Fiziologiya İnstitutu cari ildəki fəaliyyətinə dair hesabat verib

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun elmi şurasının birgə iclası keçirilib. Online formatda keçirilən tədbirdə İnstitutun 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları müzakirə edilib.

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, BTEB Elmi şurasının sədri, akademik İradə Hüseynova hesabatı təqdim etmək üçün sözü İnstitutun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovaya verib.

Ulduz Həşimova məruzəsində cari ildə Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Dövlət Proqramlarının icrası ilə əlaqədar müəssisədə yerinə yetirilmiş işlər haqqında ətraflı məlumat verərək, BTEB-in əsas elmi istiqamətləri üzrə 4 problem, 13 mövzuya aid 29 elmi tədqiqat işinin yerinə yetirildiyini bildirib. Hesabat ilində institut əməkdaşları tərəfindən 51 məqalə, 51 tezis, 1 kitabın hazırlandığı, onlardan 27 məqalə və 31 tezisin xarici elmi mətbuatda nəşr edildiyi, məqalələrdən 12-nin Scopus bazasında indeksləşən jurnallarda dərc edildiyi vurğulanıb. Respublika Prezidentinin azərbaycan dilinin saflığının qorunması çağırışına cavab olaraq kollektivin hazırladığı “Fiziologiya terminləri (rusca, ingiliscə, azərbaycanca)” lüğətinin işıq üzü gördüyü açıqlanıb. İnstitut əməkdaşlarının, xüsusilə də gənc alim və mütəxəssislərin həm respublikada, həm də xaricdə çoxsaylı online konfranslarda, vebinarlarda iştirak etdiyi haqda məlumat diqqətə çatdırılıb. 

İnstitutda herontologiya, neyrofiziologiya, hüceyrə fiziologiyası üzrə aparılan fundamental tədqiqatların ən mühüm nəticələri iştirakçılara təqdim edilib və bu nəticələrin yüksək impakt faktorlu jurnallarda dərc olunduğu bildirilib.

U.Həşimova qeyd edib ki, son illər fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi xeyli möhkəmlənib, İnstitutda BDU-nin İnsan və heyvan fiziologiyası kagfedrasının filialı fəaliyyət göstərir, digər universitetlərlə elmi-pedaqoji əlaqələr davam etdirilir.

2020-ci ildə İnstitutun beynəlxalq əlaqələrinin daha da genişləndiyini vurğulayan natiq Rusiya və Qazaxstan qurumları ilə birgə elmi-praktik fəaliyyət haqqında rəsmi müqavilələrin imzalandığını da nəzərə çatdırıb.

Müəssisənin direktoru İnstitutun AMEA-nın koronavirus pandemiyasına qarşı mübarizə, ölkənin müdafiə qüdrətinin artırılmasi ilə bağli tədbirlərində yaxından iştirak etdiyi haqda məlumat verib.

Sonra hesabat ətrafında müzakirələr aparılıb. Akad. İradə Hüseynova, akad. Validə Əlizadə, AMEA-nın müxbir üzvləri Rafiq Qasımov, Pənah Muradov, b.e.d. Əli Allahverdiyev, b.e.d. Arif Mehdiyev və İnstitutun gənc alim və mütəxəssislər şurasının sədri, b.ü.f.d. Zenfira Qədimova çıxış edərək müəssisənin hesabatını yüksək qiymətləndirib, hesabatın qəbul edilməsini təklif ediblər. Hesabat bir səslə qəbul edilib.

İclasda akademik İradə Hüseynova Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyevi anadan olmasının 70 illiyi münasibəti ilə təbrik edib, onun çoxillik uğurlu elmi fəaliyyətini nəzərə alaraq  BTEB-in Fəxri Fərmanı ilə təltif olunduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.