XƏBƏRLƏR Arxiv 3232 Çap et
25.02.2019 / Konfranslar, iclaslar Fiziologiya İnstitutunda Xocalı soyqırımının 27-ci ildönümü anılır

     AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Xocalı soyqrımının 27-ci ildönümünə həsr olunmuş toplantı keçirilib. Toplantıda Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasa sədrlik edən institutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni quldurlarının törətdikləri ağlasığmaz  vəhşiliklər, insan tələfatı barədə danışıb. Qeyd edib ki, uzunömürlülük xəritəsi hazırlanarkən, elmi tədqiqatlar aparan zaman, ən yüksək göstəricili region Qarabağ bölgəsi idi. Son olaraq fikirlərinə onu da əlavə edib ki, ermənilər təkcə 20 faiz torpaq almayıblar, Azərbaycanın gözü olan bir bölgəni ələ keçiriblər.     

     Daha sonra iclası davam etdirən elmi işlər üzrə üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev tarixin müxtəlif dönəmlərində xalqımızın üzləşdiyi soyqırımlardan, Xocalıda törədilən faciənin acılarından və bu hadisəyə verilən hüququ dəyərdən söz açıb.

     Ehtiyatda olan Qarabağ qazisi, Xüsusi Təyinatlı giziri, dəfələrlə düşmən önümdə tapşırığı yerinə yetirən Eşqin Seyfəddin oğlu faciənin dəhşətlərindən bəhs edən tarixə nəzər salıb, ermənilərin tarix boyu yürütdükləri məkirli siyasətdən danışıb, Azərbaycanda törətdikləri bu soyqırımın bütün dünyada ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd edib.

     O günün dəhşətlərindən bəhs edən Həmvətənlilərə dəstək ictimai birliyinin sədri, ehtiyatda olan Qarabağ qazisi, polkovnik leytenat Elman Hüseynov tarixə nəzər salıb, Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı təcavüz barədə dünya ictimaiyyətini dolğun məlumatlandırmaq, erməni yalanlarını ifşa etməyin vacibliyini vurğulayıb.

     Tədbirdə, “Mühit amilləri və analizatorların formalaşması” lab.-nın müdiri, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev, “Uzunömürlülük fiziologiyası” lab.-nın aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova, “Gənc alim və mütəxəssislər şurası”nın sədri, aparıcı elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimova, gənc vətənpərvər, 182 saylı məktəbin şagirdi Hüseynli Əli və digərləri çıxışları ilə  Azərbaycanın dinc əhalisinə qarşı törədilən terror aktının dünya ictimaiyyəti tərəfindən lazımı qiymətini alacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına inandığını, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini uca tutmağa, xalqımızın milli-mənəvi dəyərlərini qorumağa hər bir vətəndaşın borclu olduğunu bildiriblər.

     İnstitutun bir qrup əməkdaşı 26 fevral tarixində Xocalı soyqrımının 27-ci il dönümü ilə əlaqədar “Ana harayı” memorial kompleksini ziyarət ediblər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.