XƏBƏRLƏR Arxiv 2516 Çap et
21.11.2019 / Konfranslar, iclaslar AMEA-nın nümayəndə heyəti beynəlxalq konqresdə iştirak edib

18-20 noyabr 2019-cu il tarixində Almaniyanın Visbaden şəhərində tibbi turizmlə məşğul olan "Quality in Health Prevention" təşkilatın dəstəyi ilə “Sağlamlığın müdafiəsi üzrə Avropa günü” konqresi keçirilib. Tədbirdə Fransa, Belçika, Slovakiya, Çexiya, Çin, Rusiya, Qazaxıstan və başqa xarici ölkələrdən müalicəvi təbii amillərin öyrənilməsi ilə məşğul olan ekspert və mütəxəssislər iştirak ediblər.

Konqresdə akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova başda olmaqla 3 nəfərdən ibarət nümayəndə heyəti AMEA-nı təmsil edib. Nümayəndə heyətinin tərkibində "İnteqrativ fəaliyyətin molekulyar əsasları" laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Şövqi Hüseynov və Strateji Elmi Tədqiqatlar Mərkəzinin 3-cü elmi-tədqiqat laboratoriyasının baş mütəxəssisi Adil Ağayev olublar.  

Professor U.F. Həşimova tibbi bərpa və kurortologiyada geniş tətbiqini tapan naftalanın müalicəvi təsirlərinin üzrə eksperimental tədqiqatların nəticələri  haqqında məruzə ilə ingilis dilində çıxış edib. Həmçinin qurultayda Azərbaycan nümayəndə heyəti ağ naftalan yağından hazırlanan kosmetik məhsullardan ibarət xüsusi stend təşkil edib.

Qeyd etmək lazımdır ki, məruzə və stend digər ölkələrin nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. Xüsusilə, Mainz Universiteti (Almaniya), Slovak Tibb Universiteti və Beretaşvili adına Eksperimental Biotibb Mərkəzi (Gürcüstan) AMEA Yüksək Texnologiyalar Parkının yeni innovativ məhsulu olan ağ naftalanın terapevtik təsir mexanizmlərini öyrənməyə və gələcəkdə Horizon 2020 proqramı üçün birgə layihə planlaşdırılmasına hazır olduqlarını bildiriblər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.