XƏBƏRLƏR Arxiv 2439 Çap et
21.10.2019 / Mühüm hadisələr Akademik Akif Əlizadə Fiziologiya İnstitutunda aparılan təmir-tikinti işləri ilə tanış olub

21 oktyabr 2019-cu  il tarixində AMEA-nın prezidenti, akademik Akif Əlizadə Fiziologiya İnstitutunda həyata keçirilən təmir-tikinti işlərinin gedişi ilə tanış olub. Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev və bölməyə aid olan elmi müəssisələrin direktorları iştirak ediblər.

İnstitutun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova AMEA rəhbərini institutun akt zalı, şöbələri, laboratoriyaları və ərazidəki inzibati-laboratoriya binası ilə tanış edib.

Görüş zamanı Eksperimental transplantologiya və immunofiziologiya  laboratoriyasının rəhbəri, uroloq-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan laboratoriyanın strukturu haqqında təqdimatla çıxış edib.

O, çıxışında binada eksperimentə cəlb ediləcək böyük və kiçik heyvanların saxlanılması üçün vivarium, heyvanlar üçün əməliyyatxana, immunofizioloji, toxuma histologiyası və digər bölmələrin olduğunu söyləyib. Eyni zamanda laboratoriyada marginal donorların orqanlarından istifadə, immunoloji yöndən uğursuz donorların istifadəsi üçün yeni preparat və metodikaların işlənib hazırlanması, orqan rezervasiyası üçün mühitin yaradılması, yaşlı insanlarda orqan transplantasiyasının sərhədlərinin genişləndirilməsi, multiorqan transplantasiyasının həyata keçirilməsi kimi prioritet istiqamətlərdən söz açılıb.

Təqdimatda transplantologiyanın gələcəyindən söz açan alim laboratoriyanın gələcək fəaliyyətində Cənubi Koreya Respublikasının Yonsei Universitetinin təcrübəsindən yararlanılacağını və digər orqanların transplantasiyası məqsədilə tibbi tədqiqatların davam etdiyini də bildirib.

Sonda isə AMEA-nın prezidenti A.Əlizadə aparılan təmir və yenidənqurma işlərini yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini verib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.