XƏBƏRLƏR Arxiv 2613 Çap et
26.11.2019 / Yeni nəşrlər Monoqrafiyada Fiziologiya İnstitutunda herontologiya üzrə aparılan tədqiqatlardan bəhs olunur

AMEA-nın akademik Qaraev adına Fiziologiya İnstitutunda herontologiya üzrə tədqiqat proqramı uğurla həyata keçirilir. Tədqiqatın ilk illərinin nəticələri nüfuzlu “Herontologiyanın uğurları” jurnalında dərc olunan məqalələrdə, habelə Moskvanın “Triumf” nəşriyyatı tərəfindən nəşr olunmuş “Biologiya və tibbdə hüceyrə xronoblokatorları” monoqrafiyasında ümumiləşdirilmişdir. Monoqrafiyanın müəllifləri Ulduz Həşimova, Andrey Ilnitskiy və Kirill Proşayevdir.

Monoqrafiyada hüceyrələrin qocalma mexanizmləri, qocalma prosesininin ləngidən bəzi xronoblokatorların və onların əsasında preventiv heriatriyada tətbiq oluna biləcək dərmanların yaradılması haqqında müasir fikirlər açıqlanmışdır. Qeyd etmək lazımdır ki, monoqrafiyada, ilk dəfə olaraq, Azərbaycan alimlərinin herontoloji biliklərin genişlənməsinə, xüsusilə populyasiya uzunömürlülüyünə mürəkkəb biotibbi və sosial fenomen kimi yanaşmanın inkişafına verdiyi töhvə vurğulanmışdır. Monoqrafiya həkimlər, bioloqlar, ümumiyyətlə herontologiya ilə bağlı problemlər ilə məşğul olan digər mütəxəssislər üçün faydalı ola bilər.

Əlavə olaraq qeyd olunmalıdır ki, bu yaxınlarda professor Həşımova beynəlxalq rəyə malik “Herontologiya” elmi-praktiki jurnalın baş redaktorunun müavini seçilmışdir. Jurnalın dövrü nəşri herontologiya, heriatriya, fundamental və tətbiqi tibb, qocalma biologiyası və herontofarmakologiyanın geniş problemlərinə həsr olunur.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.