XƏBƏRLƏR Arxiv 2291 Çap et
16.01.2020 / Görüşlər Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova AMEA Rəyasət Heyətində olub

AMEA Rəyasət Heyətində Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova ilə görüş keçirilib. Görüşdə AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın elmi katibi Zərifə Əliyeva və digər məsul şəxslər iştirak ediblər.

Əvvəlcə akademik İbrahim Quliyev Azərbaycan alimlərinin diasporu ilə əlaqələrin daha da gücləndirilməsi və xaricdə yaşayan azərbaycanlı alimlərin ölkə elminə inteqrasiyası ilə bağlı fikirlərini bölüşüb. Bildirilib ki, artıq 5 ildən çoxdur ki, AMEA Azərbaycan alimlərinin diasporu ilə əməkdaşlığı genişləndirmək üçün MDB-də, Avropa ölkələrində və ABŞ-da fəaliyyət göstərən alim həmvətənlərimiz, eləcə də diaspora təşkilatlarının rəhbərləri ilə əlaqələr qurur.

Görüşdə Azərbaycan alimlərinin dünya elminə inteqrasiyası və onların beynəlxalq qrant layihələrdə iştirakı baxımından xaricdə yaşayan alimlərimizlə müştərək tədqiqatların aparılması və sıx əməkdaşlığın təşkilinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Qeyd olunub ki, elmi diaspor təşkilatının Nizamnaməsinin mart ayında Fransa qanunvericiliyinə əsasən qeydiyyatdan keçirilməsi nəzərdə tutulub. İlk fəaliyyət planı diaspora üzvləri və AMEA ilə razılaşdırılaraq müəyyən olunacaq. Həmçinin mərkəzin ilk iclası AMEA-nın və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Sonda Fransada yaşayan alimlərimizlə prioritet elmi istiqamətlərdə birgə araşdırmaların aparılması və bu ölkənin elmi təcrübəsinin öyrənilməsinə dair təkliflər irəli sürülüb, müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, hələ 2014-cü ildə Azərbaycan elmi diasporu ilə əlaqələri möhkəmləndirmək məqsədilə AMEA-nın nümayəndə heyəti Almaniyanın Berlin şəhərinə işgüzar səfər etmiş, bu ölkədə yaşayıb yaradan, elm ilə məşğul olan həmvətənlərimizlə görüş keçirmişdir. Görüşdə diaspor alimlərimizin Azərbaycan elmi ictimaiyyəti ilə əməkdaşlıq əlaqələrinin inkişafı, Avropa elmi təcrübəsinin öyrənilməsi, birgə seminar və konfransların təşkili, innovativ layihələrin həyata keçirilməsinə dair geniş fikir mübadiləsi aparılmışdır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.