XƏBƏRLƏR Arxiv 1985 Çap et
17.04.2020 / Yubileylər 17 aprel - akademik Ramiz Mehdiyevin doğum günüdür

Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan elminin parlaq nümayəndəsi, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev 1938-ci il aprel ayının 17-də Bakı şəhərində anadan olub. 1957-ci ildə - 19 yaşında Bakı Dənizçilik məktəbini bitirib. Daha sonra o, Azərbaycan Dövlət Unversitetinin Tarix fakültəsinə daxil olub. Alim əmək fəaliyyətinə 1965-ci ildə başlayıb, 1972-ci ildən Azərbaycan Dövlət Universitetində müəllim, baş müəllim vəzifələrində çalışıb. 1974-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi aparatında məsul vəzifələrdə, o cümlədən Elm və təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. Səmərəli fəaliyyəti nəzərə alınmaqla Ramiz Mehdiyev Azərbaycan KP MK-nın katibi kimi yüksək vəzifəyə təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ona göstərdiyi etimad  nəticəsində Ramiz Mehdiyev 1995-ci ildən başlayaraq Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra etməyə başlayıb. Bu müddətdə görkəmli alim dünya siyasi arenasında ölkəmizin nüfuzunun artırılmasında, dövlət siyasətinin uğurla həyata keçirilməsində, azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsində fəal iştirak etməklə yanaşı, müstəqil Azərbaycanda dövlət quruculuğu məsələləri, milli dövlətçilik tarixi, cəmiyyətin müasir inkişafı, millətlərarası münasibətlər və s. problemlərə həsr olunmuş 400-dən çox kitab və elmi məqalə nəşr etdirmişdir.

23 oktyabr 2019-cu ildə artıq Respublikada və xaricdə tarixçi-filosof alim kimi tanınan akademik Ramiz Mehdiyev AMEA-nın Ümumi yığıncağında bu mötəbər elm ocağının prezidenti seçilib. Onun rəhbərliyi ilə Akademiyanın fəaliyyətində yeni bir səhifə açılıb. AMEA-nın strukturunun əsaslı olaraq təkmilləşdirilməsi, idarəetmə sisteminin modernləşdirilməsi, qurumun fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində qərarlar verilib, konkret addımlar atılmağa başlanıbdır. Onun rəhbərliyi altında AMEA Rəyasət Heyətinin “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramının” qısa müddətdə hazırlanıb qəbul edilməsi AMEA-nın yaxın perspektivdəki inkişafının təməlini təşkil edir.

Akademik Ramiz Mehdiyev rəhbərlik etdiyi qurumun əməkdaşlarının, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması məsələlərini də daim diqqət mərkəzində saxlayır.

Azərbaycanın görkəmli ictimai-ciyasi xadimi, elm tşkilatçısı və alimini doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, Azərbaycan elminin inkişafında böyük uğurlar arzu edirik!

 

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun kollektivi