AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun kollektivi İnstitutun baş elmi işçisi və keçmiş direktoru AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Telman Ağayevin 9 may 2020-ci il tarixdə vəfat etdiyini bildirir və mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.
Telman Məmmədəli oğlu Ağayev 1935-ci il oktyabr ayının 10-da Qərbi Azərbaycanda anadan olmuşdur. Orta məktəbi doğma kəndində əla qiymətlətlə bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsinə daxil olmuş və 1959-cu ildə oranı müvəffəqiyyətlə başa vermuşdur. Əmək fəaliyyətinə gənc kadr olaraq 1960-cı ildə Naxçıvan MSSR Nazirlər Sovetində təlimatçı kimi başlayan Telman müəllim Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlmişdir.
Hələ orta məktəb illərindən biologiya elminə olan həvəsi onu yüksək vəzifəni və gələcək perspektivləri qoyub 1964-cü ildə Bakıya, Azərbaycan Elmlər Akademiyasının Fiziologiya Sektorunun aspiranturasına gətirib çıxarmışdır. “Biokimya” ixtisası üzrə əyani aspiranturaya Azərbaycanda fiziologiya məktəbinin banisi akademik Abdulla Qarayevin də iştirak etdiyi komissiya qarşısında müvəffəqiyyətlə imtahan verən gənc Telman Ağayev həmin gündən öz taleyini Fiziologiya institutu ilə bağlamış və ömrünün sonuna kimi burada çalışmşdır.
Təkamül fiziologiyası və biokimyası sahələrində uğurlu tədqiqatlar apararaq 1969-cu ildə Bakıda namizədlik, 1983-cü ildə Sankt-Peterburqda doktorluq dissertasiyasını müdafiə etmişdir, professor elmi adını qazanmışdır. Filogenez və ontogenezin ayrı-ayrı səviyyələrində duran orqanizmlərin mərkəzi sinir sisteminin sensor və hüceyrə biokimyası üzrə elmi istiqamətin təşkilatçısı və aparıcı mütəxəssisi kimi 2001-ci ildə o, AMEA-nın müxbir üzvü seçilmişdir.
Telman müəllimin elm yoluna diqqət yetirsək, onun addım-addım, böyük zəhmətkeşliklə, çətinliklərə qalib gələrək kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri, ömrünü həsr etdiyi İnstitutun elmi işlər üzrə dirktor müavini, nəhayət direktoru vəzifələrində əzmkeşliklə çalışdığını görürük. Yüzlərlə elmi məqalələrin, onların içərisində 10 monoqrfiyanın yazılıb işıqüzü görməsi onun məhsuldar əməyinin nəticəsidir və məşğul olduğu tədqiqat sahəsi üçün yararlı mənbələr kimi qalacaq.
Telman müəllimin rəhbərliyi altında yetişmiş 10 elmlər doktoru, 37 elmlər namizədi - onun əməyindən və zəkasından yararlanmış insanlar – daim ona minnətdarlıq nümayiş etdirirlər.
Telman müəllim yaradıcı insanlara xas olan bir çox xüsusiyyətlərə malik olmuşdur. Poetik təbiətə malik bir insan kimi şeirlərini, xatirələrini qoyub getmişdir. Şahmat kimi elitar oyunun vurğunu olmuşdur. Bağ həyatının və təsərrüfatının demək olar ki, peşəkar bilicisi idi; onun yaratdığı səliqə-səhman, yetişdirdiyi bağ meyvələri çoxlarını heyrətə gətirirdi.
Telman müəllim ciddi və qayğıkeş ailə başçısı olub, qız övladlarını böyüdüb başa çatdırıb, yaxşı təhsil verib, onların içərisində atalarının yolunu davam etdirənlər var, onlara bu işdə uğurlar arzu edirik.
Zəngin və şərəfli ömür yaşamış Telman Ağayevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır, doğma kollektivinin üzvləri onu həmişə yad edəcək, hörmət və ehtiramla xatırlayacaqlar.
Allah Rəhmət Eləsin!
Fiziologiya İnstitutunun kollektivi