XƏBƏRLƏR Arxiv 1996 Çap et
12.06.2020 / Konfranslar, iclaslar Akademik İbrahim Quliyev beynəlxalq onlayn konfransda iştirak edib

İyunun 12-də Oğuzxan adına Türkmənistan Mühəndis-Texnologiya Universitetində "Qüdrət və xoşbəxtlik əsrində elm, texnika və innovativ texnologiyalar" mövzusunda beynəlxalq onlayn plenar konfrans keçirilib.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Georgi Kvesitadze, Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Murat Cumataev, Belarus Milli Elmlər Akademiyasının Rəyasət Heyəti sədrinin birinci müavini, akademik Sergey Çijik, Latviya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Andres Krasnikovs, eləcə də Türkiyə, Rusiya, Özbəkistan, Cənubi Koreya və Yaponiyadan alimlər iştirak ediblər.

Konfransda "Xəzərin perspektivləri: Azərbaycan-Türkmənistan əməkdaşlığı" mövzusunda məruzə ilə çıxış edən akademik İbrahim Quliyev iki ölkə arasında əlaqələrin tarixi etnik-dini ənənələrə söykəndiyini bildirib. Azərbaycan-Türkmənistan əməkdaşlığının İkinci Dünya müharibəsindən sonra yeni müstəviyə keçdiyini xatırladan məruzəçi həmin dövrdə alimlərimizin Xəzərin Qazaxıstan, Rusiya və İran akvatoriyasında yeni neft yataqlarının axtarışı ilə məşğul olduqlarını diqqətə çatdırıb. İ.Quliyev 1950-ci illərdən başlayaraq azərbaycanlı mütəxəssislərin Xəzərin Türkmənistan hissəsində seysmoloji tədqiqatlar apardığını, geoloq və neftçilərimizin səyləri nəticəsində bu ölkədə 5 yeni neft-qaz yatağının aşkarlandığını vurğulayıb. O, qeyd edib ki, Azərbaycan alimləri Türkmənistan üçün böyük elmi potensialın hazırlanmasında əhəmiyyətli rol oynayıb. Alim akademik Əşrəf Əlizadənin Türkmənistan Dövlət Universitetində Geologiya kafedrasının yaradılmasındakı rolunu xatırladıb.

O, 1970-ci illərdən etibarən azərbaycanlı alimlərin tədqiqatlarının miqyasının Qara və Azov dənizlərinin sahillərinə, Hindistana, Vietnama, Suriyaya, Əlcəzairə, Anqolaya və Kubaya qədər genişləndiyini söyləyib. 1990-cı illərdə Xəzər dənizinin potensialı ilə bağlı əldə edilmiş nəticələrin beynəlxalq tədbirlərdə təqdim olunduğunu söyləyən akademik İbrahim Quliyev regiondakı bütün ölkələrlə elmi istiqamətdə əlaqələrin yenidən bərpa edildiyini və gücləndirildiyini bildirib.

Birinci vitse-prezident ilk dəfə 2002-ci ildə Xəzər Sammitinin baş tutduğunu, Azərbaycanın sözügedən tədbirə ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə qatıldığını və mütəxəssislərimizin həmin iclasda fəal iştirak etdiyini xatırladıb. O, ötən müddət ərzində Azərbaycan-Türkmənistan əməkdaşlığının miqyasının genişlənməkdə davam etdiyini və geoloq-neftçi alimlərimizin iştirakı ilə müştərək beynəlxalq konfransların təşkil olunduğunu söyləyib. Prezident İlham Əliyevin Türkmənistana və Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun isə ölkəmizə səfər etdiyini deyən məruzəçi elm və təhsil də daxil olmaqla, 40-a yaxın rəsmi sənədin imzalandığını bildirib.

Akademik İ.Quliyev AMEA və Türkmənistan Elmlər Akademiyası, həmçinin AMEA-nın Ədəbiyyat və İdarəetmə Sistemləri İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının müvafiq müəssisələri arasında əməkdaşlıq sənədlərinin imzalandığını və birgə tədqiqatların aparıldığını diqqətə çatdırıb.

AMEA-nın birinci vitse-prezidenti 2021-ci ildə Bakıda "Sərhədsiz elm: Xəzərin perspektivləri" mövzusunda beynəlxalq elmi konfransın keçiriləcəyini bildirib, tədbirdə elmi problemlərin həlli istiqamətində konsepsiyanın hazırlanması barədə müzakirələrin aparılacağını söyləyib.

Onlayn konfransda, həmçinin akademik Georgi Kvesitadzenin "Mikroorqanizmlər və bitkilər - üzvi çirkləndiricilərin detoksifikatoru", akademik Murat Cumataevin "Qırğızıstan Milli Elmlər Akademiyasında aparılan tədqiqatların əsas istiqamətləri və əldə olunan nailiyyətlər", akademik Sergey Çijikinin "Belarus Elmlər Akademiyasının beynəlxalq elmi-texniki əməkdaşlığı" və s. mövzularda məruzələr dinlənilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.