XƏBƏRLƏR Arxiv 1984 Çap et
15.07.2020 / Konfranslar, iclaslar Akademik Abdulla Qarayevin anadan olmasının 110 illiyinə həsr edilən onlayn tədbir keçirilib

İyulun 14-də Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və ictimai xadim, Azərbaycanda fiziologiya elminin banisi, 1944-1950-ci illərdə BDU-nun rektoru olmuş Əməkdar elm xadimi, akademik Abdulla Qarayevin anadan olmasının 110 illiyinə həsr edilən onlayn dəyirmi masa keçirilib.

Tədbirin moderatoru, universitetin Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Məmməd Rəcəbov Azərbaycanın ilk fizioloq alimi Abdulla Qarayevin həyat və yaradıcılığı barədə məlumat verib. Bildirib ki, Azərbaycan elminə böyük töhfələr vermiş A.Qarayev elm və təhsil tariximizdə silinməz izlər qoyub.

Daha sonra BDU-nun rektoru Elçin Babayev akademik A.Qarayevin çoxşaxəli elmi və ictimai fəaliyyətindən danışıb. Qeyd edib ki, 1938-ci ildə təməli qoyulan Eksperimental fiziologiya laboratoriyasının ilk təşkilatçılarından biri olmuş alim bütün həyatını fiziologiya, biologiya və tibb elmlərinin inkişafına həsr edib. 1941-ci ildən BDU-da çalışmağa başlayan A.Qarayev rektor vəzifəsinədək yüksəlib. Alimin qətiyyətli fəaliyyəti nəticəsində 1950-ci illərin ortalarında universitet ölkədə ən güclü elmi mərkəzə çevrilib. 

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova “Akademik Abdulla Qarayev elmin təşkilatçısı kimi” mövzusunda məruzə ilə çıxış edib. Vurğulayıb ki, görkəmli alim adını Azərbaycanın elm tarixinə milli fiziologiya məktəbinin yaradıcısı kimi qızıl hərflərlə yazdırıb. Respublikada insan və heyvan fiziologiyası sahəsində fundamental tədqiqatlar aparan ilk akademik qurum məhz onun təşəbbüsü ilə Azərbaycan SSR EA-nın Zoologiya İnstitutunda yaradılan Fiziologiya şöbəsi olub. Sonradan Rəyasət Heyəti yanında sektor statusu alan bu qurumun əsasında 1968-ci ildə Fiziologiya İnstitutu təsis olunub.

İradə Hüseynova bildirib ki, bu gün akademik A.Qarayevin adını daşıyan Fiziologiya İnstitutu onun rəhbərliyi dövründə irəli sürdüyü ideyaları inkişaf etdirərək respublikada aparılan fizioloji tədqiqatların koordinasiyasını həyata keçirir, gənc kadrların yetişdirilməsinə töhfə verir.

Tədbirdə Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Həşimova, Azərbaycan Tibb Universitetinin A.Qarayev adına Normal fiziologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Arif Məmmədov, Fiziologiya İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Rafiq Qasımov, BDU-nun İnsan və heyvan fiziologiyası kafedrasının müdiri, dosent Validə Mədətova, kafedranın dosenti Ruhəngiz Babayeva və doktorant Könül Həsənovanın çıxışları dinlənilib.

Çıxışlarda alimin keçdiyi mənalı ömür yolu, yüksək insani keyfiyyətləri, dünyada analoqu olmayan Naftalan neftinin, Azərbaycanın şəfaverici sularının (Badamlı, İstisu, Turşsu və sair), eləcə də dərman bitkilərindən hazırlanan preparatların insan orqanizminə müalicəvi təsirinin öyrənilməsi istiqamətində apardığı elmi tədqiqatlar, Azərbaycan dilində nəşr etdirdiyi dərsliklər, həmçinin pedaqoji və ictimai fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Sonda ailə üzvləri adından akademik A.Qarayevin nəvəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tibbi-bioloji elmlər kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Vəfa Adıgözəlova çıxış edərək BDU-nun rəhbərliyinə, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə və tədbirin iştirakçılarına minnətdarlığını bildirib.

Onlayn dəyirmi masa Fiziologiya İnstitutunun Abdulla Qarayev haqqında hazırladığı sənədli filmin nümayişi ilə başa çatıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.