XƏBƏRLƏR Arxiv 2266 Çap et
10.12.2021 / Görüşlər Fiziologiya İnstitutu ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin birgə layihəsi çərçivəsində görüş keçirilib

Dekabrın 10-da AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə birgə layihə çərçivəsində İşçi qrupun iclası keçirilib. Koronavirus pandemiyası ilə bağlı Respublikada epidemioloji vəziyyətin təhlilinə həsr edilmiş iclasda Fiziologiya İnstitutunun baş direktoru Ulduz Həşimova və Tibbi Xidmət Mərkəzi rəhbərinin müavini İsmayıl Əfəndiyev iştirak etmişlər. Layihə üzrə ilin birinci yarısında həyata keçirilmiş birgə tədqiqatların yekunlarına dair konstruktiv fikir mübadiləsi aparılmış, bu cür əməkdaşlığın perspektivliyi vurğulanmışdır. Layihənin virusa qarşı immun cavabının fərdi səviyyədə xüsusiyyətlərinin qiymətləndirilməsinə yönəlmiş ideyasının vacibliyi xüsusi olaraq qeyd olunub və bunun proqnostik meyarların, müalicə protokollarının işlənməsində mühüm əhəmiyyətinin olacağı bildirilib.

Tədbirdə hər iki təşkilat arasında akademik əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən birgə elmi seminarların keçirilməsi, gənc mütəxəssislər üçün tematik mühazirələrin təşkil olunması müzakirə olunub.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.