XƏBƏRLƏR Arxiv 2277 Çap et
17.01.2020 / Konfranslar, iclaslar 20 Yanvar– qəhrəmanlıq səlnaməsinin 30-cu səhifəsi

17 yanvar 2020-ci il tarixində AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 20 yanvar faciəsinin 30-cu il dönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev qeyd edib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gecədə öz ölkəsinin azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladlarının canlarından keçərək, şəhidlik zirvəsinə ucaldığını vurğulayıb.

Daha sonra bir dəqiqəlik sükut elan edilərək şəhidlərin xatirəsi yad edilib və söz Azərbaycan Silahlı Qüvvələri komandiri Qarabağ Qazisi Ülvi Qadirə verilib. Ü.Qadir bildirib ki, 1990-cı ilin qanlı-qadalı günlərində Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq bu dəyər uğrunda canından keçməyə hazır yüzlərlə övladının olduğunu bütün dünyaya nümayiş etdirib.

“20 yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir” adlı məruzə ilə Cəbrayıl rayonu, akad. M.Mehdizadə adına tam orta məktəbin direktoru Şəlalə Qasımova tədbiri davam etdirib. “20 yanvar faciəsi xalqın azadlıq səsini ucaltdığını, öz suverenliyi uğurunda cəsarət nümayiş etdiyi şərəfli bir tarixdir” kəlimələri ilə çıxışına başlayan Ş.Qasımova bu tarix Azərbaycanın istiqlal yolunun zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü kimi qeyd edilməli olduğunu söyləyib.

Tədbirdə çıxış edən I qrup əlil Qarabağ veteranı Cumayeva Rüxsarə,  “Mühit amilləri və analizatorların formalaşması” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev  20 Yanvar faciəsinin başvermə səbəblərindən, şəhid ailələrinin üzvləri o müdhiş gecədə yaşananlardan, bu qanlı hadisələrin xalqımızın müstəqilliyinin bərpası naminə mübarizə aparmaq əzmində olmasını bir daha nümayiş etdirdiyindən söz açıblar.

Sonda 20 yanvar şəhidi Allahverdiyev Nərimanın həyat yoldaşı Məmmədova Dilşad İnstituta 1918-1920-ci illərə aid Azərbaycanın bütövlüyü əks etdirən xəritə hədiyyə edib və tədbir Cəbrayıl rayon akademik M.Mehdizadə adına tam orta məktəbin şagirdlərinin çıxışı ilə yekunlaşıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.