XƏBƏRLƏR Arxiv 3377 Çap et
01.03.2018 / Yubileylər Fiziologiya İnstitutunun yaranmasından 50 il ötür

     Bugün AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun yaranmasının 50 illiyi tamam olur. Respublikada fiziologiya və tibbi-bioloji elmlərinin inkişafına böyük töhfələr vermiş bu elmi-tədqiqat institutu Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə Fiziologiya sektorunun bazasında 1 mart 1968-ci ildə yaradılmışdır. Hazırda İnstitut onun yaradılmasında böyük əməyi və ilk direktoru olmuş akademik Abdulla Qarayevin adını daşıyır.

     Fəaliyyətinin ilk günlərindən İnstitutda aktual tibbi-bioloji problemlərin həllinə yönəldilmiş fundamental tədqiqatlarla yanaşı Respublikada xalq təsərrüfatının inkişafının qarşıya qoyduğu tələblərə cavab verən və yerli resurslara söykənən tətbiqi xarakterli işlər aparılırıb:

  • Naftalan neftinin və bir sıra müalicəvi suların insan orqanizminə təsirinin fizioloji və kliniki aspektlərinin öyrənilməsi üzrə aparılan tədqiqatlar Azərbaycanın kurort və balneoloji resurslarının elmi əsaslarla istifadəsi və inkişafına təkan vermişdir;
  • Azərbaycan EA-nın Fizika institutu və SN Elmi-tədqiqat oftalmologiya institutu ilə birgə aparılan selenin torlu qişanın reseptor funksiyasında rolunun öyrənilməsi üzrə tədqiqatlar Respublikanın Dövlət Mükafatı ilə qiymətləndirilmişdir;
  • İnstitutda akademik Zərifə Əliyevanın rəhbərlik etdiyi «Göz xəstəliklərinin professional patologiyası» laboratoriyasında peşə-göz xəstəlikləri müalicəsinin yeni üsulları kəşf edilmişdir. 1981-ci ildə bu sahədə tədqiqatlarına görə akademik Zərifə Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının Averbax adına mükafatına layiq görülmüşdür;
  • SSRİ EA Rəyasət Heyəti neyrofiziologiya və neyrokimya sahəsində İnstitutda aparılan tədqiqatların inkişaf perspektivini nəzərə alaraq İ.P.Pavlov adına Ümumittifaq Fizio­loqlar Cəmiyyətinin XIV Qurultayının Bakı şəhərində keçirilməsinə qərar vermişdir;
  • Azərbaycanın müxtəlif su hövzələrində və Xəzər dənizinin sahilyanı zonalarında balıqların ekoloji-fizioloji durumu öyrənilmiş, mühüm elmi-praktiki nəticələr əldə edilmişdir.

     2015-ci ildən başlayaraq İnstitutda qocalmanın fizioloji və molekulyar-genetik mexanizmlərinin öyrənilməsi üzrə kompleks tibbi-bioloji tədqiqatlar Proqramı işlənib hazırlanmışdır. Multidissiplinar Proqram Azərbaycan Tibb Universitetinin,  Bakı Dövlət Universitetinin, AR Səhiyyə Nazirliyinin iştirakı ilə Rusiya TEA Herontologiya və Biotənzimləmə institutu, Ukrayna TEA Herontologiya İnstitutu və Qazaxstan Respublikası Prezidentinin İşlər idarəsi yanında Tibbi Mərkəzlə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilir.

     Hazırda İnstitutda 170 əməkdaş, o cümlədən 99 elmi işçi, 2 AMEA-nın müxbir üzvü, 12 elmlər doktoru, 38 fəlsəfə doktoru çalışır.

     İnstitutun strukturunda “Qocalmanın biologiyası”, “Ekoloji fiziologiya” və “Neyrobiologiya” şöbələri fəaliyyət göstərir; bu şöbələrdə uyğun olaraq “Qocalmanın molekulyar-genetik və fizioloji əsasları”, “Mühit faktorlarının canlı orqanizmə təsiri: fizioloji mexanizmləri və korreksiya yolları” və “Sinir proseslərinin plastiki xüsusiyyətlərinin neyrobioloji əsasları: adaptiv proseslərin tənzimlənməsində monoaminergik mexanizmlərin iştirakı” problemləri üzrə tədqiqatlar aparılır.

     Laboratoriyalar: Uzunömürlülüyün fiziologiyası, Təbii mənşəli heroprotektorların farmakologiyası, Ontogenezin biokimyası, Ekotoksikologiya, Mühit amilləri və analizatorların formalaşması, Hüceyrə metabolizminin fiziologiyası, Neyrofiziologiya, Hüceyrənin morfofunksional plastikliyi, İnteqrativ fəaliyyətin molekulyar əsasları – şöbələrin tərkibində, Kliniki neyrofiziologiya laboratoriyası və Görmənin fiziologiyası yaradıcı qrupu direktorluq yanında fəaliyyət göstərir.

     Yubiley ərəfəsində, 10-11 oktyabr 2017-ci il tarixdə İnstitutun 50-illiyinə həsr edilmiş “Fiziologiya və insan sağlamlığı” mövzusunda Azərbaycan fizioloqlarının 5-ci qurultayının tanınmış xarici ölkə alimlərinin iştirakı ilə böyük müvəffəqiyyətlə keçirilməsi nəinki İnstitutun əməkdaşları üçün, eləcə də Respublikada tibbi-bioloji sahədə çalışan bütün alimlər üçün əlamətdar bir hadisə olmuşdur.    

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.